«Turizm obyektlərində qiymətlərə dövlət tərəfindən nəzarət olunması mümkün deyil. Amma indiki mərhələdə regionlarda fəaliyyət göstərən turizm obyektlərində qiymətlərin endirilməsi barədə danışmaq olmaz». Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir bunun səbəbini onunla izah edib ki, dünyada gedən iqtisadi böhranla əlaqədar regionlardakı istirahət mərkəzlərində turistlərin sayında azalma baş verməyib: «Mən ötən həftənin 6-cı-bazar günü nazirliyin həyata keçirdiyi layihələrin gedişi ilə bağlı Quba-Qusar bölgəsində oldum. Qətiyyətlə deyə bilərəm ki, buraya istirahətə gələnlərin sayında azalma yoxdur. Çünki bu rayonlardakı istirahət mərkəzlərini hamısı adamla dolu idi»
   Ə.Qarayevin fikrincə, əgər insanlar ora dincəlməyə gedirlərsə, ciddi endirim haqqında danışmaq düzgün deyil.