Layihəni Mədəniyyət və Turizm Nazirliyi maliyyələşdirir
   
   Azərbaycanın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin mədəniyyəti, çoxəsrlik yaddaşı qoruyub saxlayan tarixi abidələri, gözəl təbiəti onu turizm baxımından dünyanın diqqət mərkəzinə çevirib. Son illər bu sahəyə dövlət tərəfindən göstərilən qayğı isə bu diqqəti daha da artırıb. Tarixi-mədəni abidələrimizin bərpası, həm paytaxt Bakıda, həm regionlarda yüksək standartlara cavab verən turizm-istirahət mərkəzlərinin tikilməsi, külli miqdarda vəsait hesabına müxtəlif turizm layihələrinin reallaşdırılması Azərbaycana turist axınını ildən-ilə gücləndirir.
   
   Təbii ki, turizm sahəsindən yüksək gəlir götürən ölkələrlə rəqabətə girmək üçün ilk növbədə potensialımızı tanıtmalı və nə qədər əlverişli imkanlara malik olduğumuzu dünyanın diqqətinə çatdırmalıyıq. Bu yöndə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görülən işlər və həyata keçirilən layihələr xüsusilə diqqəti cəlb edir.
   Belə layihələrdən biri də Azərbaycanın mədəniyyət və turizm potensialının xarici markalar adı altında beynəlxalq auditoriyaya çatdırılması məqsədilə bələdçi kitabının hazırlanmasıdır. Bununla bağlı qəzetimizə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədovun dediyinə görə, nazirlik tərəfindən nəhəng oxucu auditoriyası olan 70-ə yaxın xarici nəşrə müraciətlər ünvanlanıb: «Bu nəşrlərin əksəriyyəti müraciətlərə müsbət cavab verib. Hazırda nazirliyin bu təklifi ilə razılaşan ölkələr arasında Amerika (2 nəşr), İngiltərə (1), Fransa (1), Almaniya (1), Rusiya (4 ), Birləşmiş Ərəb Əmirlikləri (1) və İsveçrə (1) var». Nazim müəllimin dediyinə görə, nazirliyin nəzarəti olmayanda xarici nəşrlər bu tipli layihələri həyata keçirəndə ciddi səhvlərə yol verirlər. Məsələn, xəritələr düzgün tərtib olunmur, hansısa məlumatlar dəqiqləşdirilmədən yerləşdirilir və s. Buna görə də nazirlik həmin layihələrin reallaşması üçün həm sponsorluq edir, həm də təşkilati tərəfdən dəstək göstərir.
   Qeyd edək ki, Rusiyada nəşr edilən «Vokruq sveta» jurnalı artıq 300-ə yaxın ölkə haqqında bələdçi kitabı nəşr edib. Mədəniyyət və Turizm Nazirliyi də bu məqsədlə həmin jurnalın rəhbərliyinə müraciət etdikdə bildiriblər ki, Azərbaycan haqqında hazırlanacaq kitabın mətni artıq hazırdır. Sadəcə, ona baxmaq və həmin mətnin müəllifinin hər şeyi öz gözləri ilə görməsi üçün Azərbaycana gəlməsini və regionları gəzməsini təşkil etmək lazımdır.
   Beləliklə, Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə «Vokruq sveta»nın əməkdaşı Yuliya Şukina bugünlərdə ölkəmizdə səfərdə olub. Ölkəmizi həm turist kimi gəzən, həm də yazılacaq kitaba müəlliflik edən Y.Şukina ilə Moskvaya qayıtmaq ərəfəsində görüşüb söhbətləşdik.
   
   Yol bələdçiliyi mədəniyyəti Azərbaycanda çox-çox əvvəl olub
   
   Xanım jurnalistlə söhbətimizdə bir sıra maraqlı məqamların şahidi olduq. Əvvəlcə onu qeyd edək ki, sən demə, Yuliya xanım əslən Azərbaycandanmış. Anası Oğuz rayonunun Yuxarı Söyüdlü kəndindən olan Y.Şukina deyir ki, 2003-cü ilə qədər Bakıya gəlib gedib: «Uşaqlıq xatirələrimdə Azərbaycan haqqında təsəvvürlər qalmışdı. Ona görə də burada çox rahatam. 3 il bundan əvvəl mən Qafqaz ölkələrinə aid bələdçi kitabı hazırlamaq qərarına gəldim. Gürcüstana həmin vaxt daha yaxın idim. Lakin məlum hadisələr baş verdiyindən (Rusiya-Gürcüstan müharibəsini nəzərdə tutur) əllərim soyudu. Amma 6 ay əvvəl çalışdığım nəşrin rəhbərliyi mənə bildirdi ki, bu ölkələr onlar üçün maraqlıdır və layihəni davam etdirim. Əgər yol bələdçiliyi mədəniyyəti, belə demək mümkünsə, 15 il əvvəl yaranıbsa, onda 20-25 il əvvəldən Azərbaycanda zəngin məlumatlı, təcrübəli bələdçilərin olduğunu demək mümkündür. Mən bunun səbəbini araşdırmağa başladım. Çünki Rusiyada Azərbaycanla çox maraqlanırlar. Rəfiqəm bir neçə ay bundan əvvəl ölkənizə 2 günlük qonaq gəlmişdi. O qədər zəngin təəssüratla qayıtmışdı ki, mən fikirləşdim ki, mütləq başladığım işi davam etdirməliyəm. Bunun üçün də mənə Azərbaycanı gəzmək, hər şeyi öz gözlərimlə görmək və əsaslı məlumatlar toplamaq lazım idi».
   Yuliya xanımın dediyinə görə, hazırlanacaq kitabda məlumatlar rəngli şəkillərin müşayiəti ilə yerləşdiriləcək. «Bu kitabı oxuyan hər kəs buradakı ölkələrə sanki qiyabi olaraq ekskursiya etmiş olacaqlar» - deyən müsahibimiz bildirir ki, çalışdığı müəssisənin brendi ilə artıq 140 ölkə üzrə bələdçi kitabı hazırlanıb: «İstəyirik ki, həmin nəşrlər turistlər üçün bir növ bələdçi rolunu oynasın. Yəni turist seçdiyi ölkəyə getməmişdən əvvəl onun mətbəxi, mədəniyyəti, tarixi, turizm marşrutları, hətta hava proqnozları və s. haqqında tam məlumatlı olsun. Kitabda hotellərə yerləşdirmə, qiymətlər haqqında məlumatlar da yer alacaq. Bundan başqa, turistlər kitab vasitəsilə üç, dörd, 5 ulduzlu hotellərin fərqi, istirahət mərkəzlərindəki kotteclər, onlarda yerləşmək barədə məlumatları da əvvəlcədən əldə edə biləcəklər.
   Belə kitabları 1970-80-ci illərdə nəşr edirdilər. Bütün bu məlumatları əldə etmək üçün mütləq həmin ölkələrdə olmaq, hər şeyi öz gözünlə görmək lazımdır. Çünki İnternet qarşısında oturmaqla düzgün məlumat almaq mümkün deyil».
   
   «Mədəniyyət və Turizm Nazirliyi mənə yaxından kömək etdi»
   
   Y.Şukina Azərbaycana boş əllə gəlmədiyini, onda ölkəmiz haqqında geniş məlumatların yer aldığı böyük bir qovluğun olduğunu deyir. Eyni zamanda bildirir ki, ona bu məlumatları dəqiqləşdirmək və dolğunlaşdırmaq lazımdır. Bəs görəsən, qonağımız lazım olan məlumatları əldə edə bilibmi? Dediyinə görə, istədiyi qədər əlavə material toplayıb. Bu işdə ona Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov yaxından kömək edib: «İyunun 10-na qədər təəssüratlarımın qaralama variantını Mədəniyyət və Turizm Nazirliyinə təhvil verəcəm. Qeyd edim ki, 6 ay öncə nazirliklə əlaqə qurdum, niyyətimi bildirdim. Çox maraqlandılar və bizə apreldə məktub göndərdilər, iki həftədən sonra isə səfərimi təşkil etdilər. Nazirlik mənə məlumatların dəqiqləşdirilməsində, ifadələrin düzgün seçilməsində də kömək edəcək. Hər halda, tarixi faktlar haqqında onlarda daha dəqiq məlumatlar var».
   
   Yuliya Şukina bəzi məqamlardan narazı qalıb
   
   Əsasən şimal və şimal-qərb rayonlarını gəzdiyini deyən Yuliya xanım Atəşgahda, Qobustanda olub, Dəvəçi, Quba, Xınalıq, Şamaxı, Şəki, Gəncə, Qax daxil olmaqla, 11 rayonu gəzib. Amma bütün rayonlar haqqında məlumatlar götürməyib. Azərbaycanın regionlarındakı hotellərlə bağlı isə bəzi narazı qaldığı məqamlar var: «Düşünürəm ki, ilk öncə qonaq evlərində turistlərə xidmət düzgün qurulmalıdır. Məsələn, mən rayonların birində dəniz sahilində bir hoteldə oldum, sadəcə, gözəllik nümunəsi idi. Amma dənizin sahili o qədər çirkli idi ki, oturmaq mümkün deyildi. May ayı gözəl aydır, insanların həftəlik məzuniyyətə gəlmələri üçün uyğun vaxtdır. Amma regionlarınızda yerləşən hotellərin əksəriyyəti buna hazır deyil. Çox soyuqdur. İsti örtüklər yoxdur. Xidmət isə yalnız yemək gətirməkdən və qonağın üzünə gülümsəməkdən ibarətdir».
   Yuliya xanım haqlı olaraq bir məqama da toxundu ki, regionlardakı hotellərin divarlarında Azərbaycana aid heç nə yoxdur: «Buraya ölkənin tarixini, mədəniyyətini əks etdirən şəkillər, təsvirlər asmaq mümkündür. Axı hər hansı kabab, yemək konfortlu təəssürat yaratmır. Amma Bakıdakı hotellər bütün tələbatlara cavab verir».
   Yolların rahat olduğunu deyən qonaq bir şeydən də narazı qalıb ki, yol kənarlarında dayanacaqlar yoxdur: «Axı Böyük İpək Yolunda dəvələrin dayanması üçün müəyyən məsafələrdə dayanacaqlar olub. Amma deyəsən, davamçılar bunu etməyi unudublar. Təsəvvür edin ki, yalnız 200 kilometr gedəndən sonra hardasa otura bildim. Əslində isə 50 kilometrdən bir xırda motellər olmalıdır ki, insanlar yorulanda dayanıb istirahət edə bilsinlər. Üstəlik, elə yerlər var ki, ora ancaq “Jeep”lə getmək mümkündür. Məsələn, Qubadakı Çıraqqala gözəl yerdir. Amma ora ancaq təcrübəli sürücünün müşayiəti ilə gedə bilərsən».
   Yuliya xanımın narazı qaldığı məqamlardan biri də regionlardakı hotellərdə yeməklərimizin təqdimatı barədə oldu: «Azərbaycan mətbəxi haqqında mənə o qədər danışmışdılar ki, olduqca gözəl təsəvvürlərim vardı. Üstəlik, Moskvada bir neçə Azərbaycan restoranı var ki, onlarda da olmuşam. Amma burda gördüklərim məni bir qədər xəyal qırıqlığına uğratdı. Belə ki, yeməyin çox gözəl ətri gəlir, yeyəndə də dadını hiss edirsən. Sadəcə, təqdimat və rəngarənglik yoxdur. Bilirsiniz, avropalının mədəsi şora, südə, qoyun ətinə tez öyrəşmir. Bunları mütləq nəzərə almaq lazımdır. Bundan başqa, hər oturanda kabab yemək olmaz axı».
   
   «Çıraqqalada özümü Alp dağlarında olduğu kimi hiss edirdim»
   
   Ümumilikdə, Azərbaycan haqqında təəssüratları çox zəngindir. Qonağımız deyir ki, bu, ölkəmizə sonuncu səfəri deyil: «Qayıdandan sonra «Vokruq sveta» jurnalına Azərbaycanla bağlı iki mövzu haqqında geniş yazacam. Bunlardan biri Böyük İpək Yolu haqqında olacaq. Nəşrin həmin nömrəsi ümumiyyətlə bu yolun keçdiyi ölkələrə həsr olunacaq. Önəm verdiyim ikinci mövzu isə rusların Azərbaycana necə və hansı yolla gəlməsi barədə olacaq».
   Söhbətimizin sonunda Y.Şukina daha çox Qubada Çıraqqaladan xoşu gəldiyini bildirdi. Xanım jurnalist dedi ki, orada olanda özünü Alp dağlarında olduğu kimi hiss edirmiş: «Maraqlıdır ki, Oğuzda rus kəndlərində olanda da sanki Rusiyanın cənubunda idim. Eyni memarlıq, təmiz həyət, hətta pəncərənin qarşısındakı çiçəklər və dağlar. İndi orada mənim uzaq qohumlarım yaşayır. Anam, nənəm oranı tərk edib Kubana köçüblər.
   Bakıda da hər yeri gəzdim: Şirvanşahlar sarayında, Şəhidlər Xiyabanında, bulvarda, şəhərin mərkəzi yerlərində oldum».
   Y.Şukina jurnalist və insan kimi Azərbaycanda öz vəzifəsini tamamilə yerinə yetirdiyini və işinin keyfiyyətli, maraqlı alınması üçün bütün gücünü sərf edəcəyini dedi.
   
   Fəxriyyə ABDULLAYEVA