«BİTE-2009» turizm sərgisinin iştirakçıları ölkəmizlə yaxından maraqlanıblar
   
   Azərbaycanın da təmsil olunduğu növbəti beynəlxalq turizm sərgisi mayın 14-dən 16-na qədər Bəhreyn Krallığının Manama şəhərində baş tutub. “BİTE-2009” adlı sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin xarici turizm sektorunun müdiri Səbinə Zadayeva, həmin sektorun aparıcı məsləhətçisi Kəmalə Həsənova, marketinq və təbliğat sektorunun aparıcı məsləhətçisi Cəlil Məlikov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamlının 2 nəfər solisti və “Silk Way” turizm şirkətinin nümayəndəsi təmsil edib.
   
   Azərbaycanın artıq 2-ci dəfədir iştirak etdiyi «BİTE-2009» Beynəlxalq Səyahət Sərgisində ölkəmizdən başqa Bəhreyn, Oman, Mərakeş, Misir, Qətər, Tunis, Suriya, Türkiyə, Tailand, Almaniya, Yaponiya, Fransa, Hindistan, Slovakiya, Çexiya, Kipr, Malayziya, Tanzaniya, Çin və Efiopiyadan rəsmi turizm qurumları və şirkətləri iştirak edib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin xarici turizm sektorunun aparıcı məsləhətçisi Kəmalə Həsənovanın qəzetimizə verdiyi məlumata görə, Azərbaycanın bu sərgidə iştirakı bir çox ölkələrin rəsmi qurumları və turoperatorları tərəfindən maraqla qarşılanıb: «Sərgi zamanı Suriya Turizm Nazirliyinin Turizm məsələləri üzrə məsul nümayəndəsi və “Suriya Hava Yolları” aviaşirkətinin nümayəndəsi ilə görüşümüz oldu. Onlar 2009-cu il ərzində Suriyanın turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə infoturun təşkil edilməsi niyyətində olduqlarını bildirdilər».
   Kəmalə xanımın dediyinə görə, sərginin davam etdiyi günlərdə qarşılıqlı əməkdaşlıqla bağlı daha bir neçə danışıq aparılıb. Belə ki, “Bəhreyn Sərgi və Qurultay Komitəsi”nin nümayəndəsi Hişam Əl-Bəradi və Bəhreyndə fəaliyyət göstərən məşhur “SunshineTours” turizm şirkətinin nümayəndəsi Valid Vafa tərəfindən də ölkəmizə infoturun təşkil edilməsi təklif edilib. Bununla yanaşı, Tunis Milli Turizm İdarəsinin nümayəndəsi ilə də ölkələrimiz arasında turizm sahəsində qarşılıqlı əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
   Nazirlik sözçüsü bildirir ki, sərgi iştirakçısı olan turizm şirkətlərinin bir çoxunun, o cümlədən “OSCAR”, “Elite Hospitality”, “Almuntazah Travels”, “Tunisvision”, “Algosaiby Travel”, “Alkadhem”, “Fakhri Travel & Tourism Centre”, “AlMurshed Travel & Tourism”, “Montana Travel & Turism”in nümayəndələri Azərbaycana çox böyük maraq göstərib və həmin şirkətlərlə danışıqlar aparılıb: «Bu şirkətlər ölkəmizə turist qruplarının gətirilməsində maraqlı olduqlarını bildirdilər. Bizimlə birgə sərgidə iştirak edən “Silk Way” turizm şirkətinin nümayəndəsi həmin turist şirkətləri ilə müzakirələr apardı və bəzi əlaqələr yaratmağa müvəffəq oldu».
   «Sərgi müddətində lövhəmizə çoxlu sayda yerli ziyarətçilər yaxınlaşdı» - deyən Kəmalə xanım bildirdi ki, Azərbaycana səfər etmək marağında olanlara ölkəmizlə bağlı ətraflı məlumatlar verilib və turizm potensialımızı təbliğ edən müxtəlif reklam-çap məhsulları, həmçinin Azərbaycanın turizm potensialını və “Bakı İslam Mədəniyyətinin Paytaxtı 2009” loqotiplərini əks etdirən hədiyyələr təqdim olunub: «Bundan əlavə, ziyarətçilərə ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında məlumatlar verdik. Eyni zamanda Azərbaycanın turizm potensialını əks etdirən film, reklam çarxları da ziyarətçilərə nümayiş etdirildi və milli musiqilərimiz Dövlət Mahnı və Rəqs Ansamblının sərgidə iştirak etmək üçün Manama şəhərinə ezam edilmiş üzvləri tərəfindən təqdim olundu».
   Qeyd edək ki, sərgi zamanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin xarici turizm sektorunun müdiri Səbinə Zadayeva Bəhreyndə gündəlik nəşr edilən “Daily News” qəzetinə Azərbaycanın turizm potensialı barədə geniş müsahibə də verib.

   Fəxriyyə ABDULLAYEVA