Türk Akademiyasının prezidenti Darhan Kıdıralı Qarabağ bölgəsində daimi atəşkəs elan edilməsi və bütün hərbi fəaliyyətlərin dayandırılması barədə bəyanatı alqışlayıb.

Darhan Kıdıralı beynəlxalq hüquq normaları və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal olunmuş ərazilərin azad edilməsində tarixi nailiyyətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi təbriklərini ifadə edib. Türk Akademiyasının prezidenti bundan sonra Cənubi Qafqazda davamlı sülh və rifahın qurulacağına inandığını bildirib.

“Ümumdünya Türk Xalqları Assambleyası” Beynəlxalq Təşkilatının prezidenti,  akademik Yermentay Sultanmurat (Qazaxıstan) da Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb.

“Vətən müharibəsində möhtəşəm Qələbə Azərbaycan millətinin, türk ruhunun daha da möhkəmlənməsində olduqca əhəmiyyətli mərhələdir. Bu zəfəriniz bizim ümumi tariximizdə mühüm və əlamətdar hadisə kimi layiqli yer tutacaq.

Arzu edirik ki, bu Qələbənin nəticələrini uğurla möhkəmləndirəsiniz və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan gündən-günə daha da çiçəklənən bir ölkəyə çevrilsin”, – deyə məktubda vurğulanır.

“Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqını çoxdan gözlənilən Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanla fəxr edirəm” – bu sözlər isə  Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovun Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubunda yer alıb.