Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov iyunun 2-də “Azərsun Holdinq” Şirkətlər Qrupunun mədəniyyət mərkəzində mətbuat konfransı keçirb. Mayın 10-dan 19-dək Yunanıstanda, 19-dan 25-dək Belqradda keçirilmiş beynəlxalq kulinariya festivallarında kulinarlarımızın iştirakı barədə məlumat verən baş kulinar bildirib ki, Yunanıstanın Krit adasında keçirilən “Həyatın Dadı” Beynəlxalq Kulinariya Festivalında iştirak edən milli komandamız 2 qızıl, 4 gümüş, 5 bürünc medal qazanıb. Azərbaycan eyni zamanda münsiflər heyətində də təmsil olunub.
   Belqrad çempionatında Azərbaycan təmsilçisi Orxan Muradov Dünya Kulinariya Kuboku uğrunda Rusiya, Xorvatiya, Serbiya, Türkiyə, Qvatemala, ümumilikdə isə 13 ölkənin aşpazı ilə mübarizə aparıb. O, bir neçə mərhələdə yarışaraq 1 qızıl medal qazanıb və 4-cü yerə layiq görülüb. Münsiflərin yekdil rəyinə görə, həmyerlimiz qalib sayılaraq Dünya Kulinariya Kubokunu Azərbaycana gətirib.
   Tədbirdə T.Əmiraslanov iştirakçılara Serbiya Kulinariya Assosiasiyasının fəxri üzvü seçilməsi xəbərini də çatdırıb. Onun dediyinə görə, Azərbaycan mətbəxi mədəniyyətinin inkişafında xüsusi roluna görə Serbiya Kulinariya Assosiasiyasının Prezidenti, Bakıdakı «Buta palas» restoranının qurucusu Corc Kostiç də AMKA-ya fəxri üzv seçilib. O, AMKA-ya fəxri üzv seçilmiş 7-ci xarici ölkə vətəndaşıdır.
   Qeyd edək ki, fesival müddətində xörəklərin hazırlanmasında kulinarlarımız “Azərsun” Holdinq Şirkətlər Qrupunun məhsullarından istifadə ediblər. Yüksək keyfiyyətli bitki yağlarına görə adıçəkilən şirkət çempionatın diplomuna layiq görülüb.