Dünya mediası Kəlbəcərin işğaldan azad edilməsini necə gördü?

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan işğalçı qüvvələrinin Ağdam rayonunun ardınca noyabrın 25-də Kəlbəcər rayonunu da tərk etməsi müxtəlif ölkələrin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

“France-24” kanalı Kəlbəcər rayonunun işğaldan azad edilməsi haqqında reportaj yayımlayıb.

Reportajda Kəlbəcərin rəsmi Bakı ilə əldə edilmiş razılaşmaya əsasən Ermənistanın Azərbaycana təhvil verməli olduğu üç rayondan ikincisi olduğu bildirilir. Altı həftəlik döyüşlərdən sonra Azərbaycanın öz mövqelərini möhkəmləndirdiyi vurğulanır.

Kanalın çəkiliş heyəti Azərbaycan Ordusunun ermənilərin işğalı altında olmuş Kəlbəcər rayonuna girməsi ilə bağlı məlumat verir. Qeyd edilir ki, 27 ildən sonra ilk dəfədir Azərbaycan Ordusu rayona daxil olur.

Reportajda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlının fikirlərinə də yer verilib. O bildirir ki, bu gün bütün Azərbaycan xalqı, Azərbaycan Ordusu üçün sevindirici gündür. Düşmən qüvvələrinin Kəlbəcərdən çıxarılması üçtərəfli bəyanata əsasən həyata keçirilir.

Kəlbəcər sakini Aslan Kərimoğlu deyir: “Kəlbəcərdə keçirdiyim günləri heç vaxt unuda bilmərəm. Bu gün mənim həyatımda ən xoşbəxt gündür. Çünki mən 43 il yaşadığım torpağa yenidən qayıtmaq ümidindəyəm. Ümid edirəm ki, tezliklə oraya qayıdacağıq”.

Reportajda qeyd edilir ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edib. Nəticədə on minlərlə azərbaycanlı rayonu tərk etməyə məcbur olub. Bu gün həmin məcburi köçkünlər Kəlbəcərə qayıtmağa və orada yaşamağa ümid edirlər.

***

İspaniyanın EFE informasiya agentliyi, ölkənin qocaman qəzetlərindən biri olan “La Vanguardia”, həmçinin Latın Amerikası üzrə “Diariolibre” onlayn nəşri Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanata müvafiq olaraq, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonuna daxil olması barədə xəbər dərc ediblər.

Diqqətə çatdırılır ki, 44 günlük müharibə Ermənistanda ciddi siyasi böhran yaradıb, ölkədə hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

İspan KİV-ləri noyabrın 20-də Azərbaycan Ordusunun Ağdam rayonuna – Azərbaycana qaytarılan daha bir əraziyə daxil olmaları barədə yazıb.

***

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Kəlbəcər rayonunun azad olunması barədə məqalə yerləşdirilib.

Məqalədə qeyd edilib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatına uyğun olaraq, Kəlbəcər noyabrın 15-də təhvil verilməli idi, amma erməni tərəfin xahişindən sonra Azərbaycan humanitar səbəblərdən bu tarixi 10 gün təxirə salmışdı.

Məqalədə 1990-cı illərin əvvəllərində baş verən müharibə zamanı azərbaycanlıların, digər yaşayış məntəqələri kimi, Kəlbəcəri də tərk etmək məcburiyyətində qaldığı, sonradan burada ermənilərin məskunlaşdığı diqqətə çatdırılır. Yazıda həmçinin rayonun Azərbaycana təhvil verilməsi ərəfəsində ermənilərin aparılması mümkün olmayan əşyaları, binaları yandırdıqları, hətta ağacları kəsib doğradıqları qeyd olunur.

Bildirilib ki, sentyabrın sonundan başlayan döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbələrin nəticəsində əldə olunan razılaşmaya əsasən, Ermənistan artıq Ağdam rayonunu Azərbaycana qaytarıb, Laçın rayonu isə dekabrın 1-dək təhvil veriləcək.

***

Misirin “Əl-Əhram” qəzeti Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması haqqında geniş xəbər yayıb. Qəzetin saytında yerləşdirilmiş xəbərdə 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Kəlbəcər rayonunun Azərbaycana qaytarıldığı qeyd olunur. Bildirilir ki, bundan əvvəl Azərbaycan Ordusu ermənilərin kapitulyasiyasının şərtlərinə əsasən boşaldılan Ağdam rayonuna da daxil olub. Həmçinin vurğulanıb ki, ermənilər tərk etdikləri Kəlbəcərdə evləri və meşələri yandırıblar.

***

İndoneziyanın “iNews.id” saytı da Azərbaycan Ordusunun Kəlbəcər rayonuna daxil olmasından bəhs edən material yayıb.

Saytın hazırda Azərbaycanda olan müxbiri Əhməd İslami Camil “Azərbaycan Ermənistanın tərk etdiyi Kəlbəcər rayonuna daxil olur” adlı yazısında qeyd edir ki, Kəlbəcər hərbi əməliyyatların dayandırılması barədə imzalanan üçtərəfli sənədə əsasən Azərbaycana qaytarılan üç rayondan ikincisidir. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə qazandığı böyük uğurlar nəticəsində Ermənistan hərbi əməliyyatların dayandırılması üçün həmin rayonları Azərbaycana qaytaracağı öhdəliyini götürüb.

Məqalədə vurğulanır ki, 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edib.

***

Prezident İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciəti barədə Gürcüstanın report.ge, gaxa.ge, dalgatv.ge, 24news.ge informasiya agentlikləri, eləcə də yerli televiziyaları xəbərlər yayıblar. Materiallarda Qarabağda əldə olunan qələbənin təkcə Ermənistan üzərində deyil, erməni faşizmi üzərində də bir qələbə olması, Kəlbəcərin yenidən qurulacağı, eləcə də Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin Azərbaycanın tarixi-mədəni sərvəti olması ilə bağlı dövlət başçısının fikirləri diqqətə çatdırılır.