Qırx dörd gün davam edən Vətən müharibəsi Sizin misilsiz şücaətiniz, iradə və qətiyyətiniz, qardaş Azərbaycan xalqının və rəşadətli Azərbaycan Ordusunun nəyin bahasına olursa-olsun qalibiyyətə köklənməsi illərdir davam edən ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoydu.

Bu böyük zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi oldu.

Bu sözlər Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıığı təbrik məktubunda vurğulanır.

Məktubda qeyd olunur ki, müharibənin ilk günlərindən etibarən Beynəlxalq Türk Akademiyası açıq mövqeyini ortaya qoyaraq, ədalətli müharibədə qardaş Azərbaycanın yanında olduğunu və mülki yaşayış məntəqələrinə Ermənistanın xain raket hücumunu kəskin pislədiyini bəyan edib.

Akademiya ölkəmizə mənəvi dəstəyin nümunəsi olaraq xeyli müddətdir üzərində iş gedən “Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-fotoalbomunu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə 2020-ci il noyabrın 10-da Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə qazax dilində çap etdirib.

Azərbaycanın uzun illər işğal altında qalan ərazilərindəki tarixi abidələri, bu bölgənin mədəniyyəti, şəxsiyyətləri, təbiəti, eyni zamanda, işğala dair faktlar, sənədlərin toplandığı nəfis tərtibatlı kitab-albom bir beynəlxalq təşkilat tərəfindən hazırlanan ilk belə nəşrdir.

Diqqətə çatdırılır ki, Beynəlxalq Türk Akademiyası bu il UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirməyi planlaşdırdığı, lakin pandemiya səbəbindən təxirə saldığı tədbirləri – Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir Hacıbəylinin 135 illik yubileylərini onların dünyaya göz açdıqları şəhərdə – Şuşada 2021-ci ilin uyğun tarixlərində qeyd etməyi qərara alıb. “Planlaşdırılan tədbirlərin işğaldan azad edilən, türk dünyası üçün böyük mənəvi dəyərə sahib olan Şuşa şəhərində reallaşdırılmasını istərdik”, – deyə Darxan Kıdıralı məktubda bildirib.