Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisə rəhbərlərinin iştirakı ilə onlayn formatda müşavirə keçirilib.

İdarə rəisi Rəşad Əliyev çıxış edərək Mədəniyyət Nazirliyində yaradılan xüsusi islahat qrupunun məqsədi, fəaliyyəti haqqında məlumat verib. Hər bir müəssisə rəhbərini yeni reallığın tələblərinə uyğunlaşmağa, tapşırıq və tələblərə operativ və yüksək məsuliyyətlə yanaşmağa çağırıb.

Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsi barədə danışan idarə rəisi ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən Anım Günü və Zəfər Günü ilə bağlı tədbirlərin 2021-ci ilin iş planında xüsusilə əks olunacağını deyib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Abşeron rayon İncəsənət məktəbinin fortepiano şöbəsinin 6-cı sinif şagirdi Nuray Allahverdiyeva Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və “Jam” qrupunun təşkilatçılığı ilə keçirilən “Qarabağ kuboku 2020” Beynəlxalq İncəsənət və Rəqs Müsabiqəsində iştirak edərək 2-ci yerə layiq görülüb.

***

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər İncəsənət məktəbinin şagirdi Məryəm Şirinova III Animafilm Beynəlxalq Animasiya Festivalında iştirak edib. O, festivalda fəal iştirakına görə fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri Vətən müharibəsindəki şanlı Qələbə münasibətilə müxtəlif videoçarxlar hazırlayıblar. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qubaxəlilli kənd klubu, Qobustan rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Dərəkənd kənd klubu və Qobustan rayon MKS vətənpərvərlik ruhunda videoçarxları sosial şəbəkələrdə təqdim ediblər.

Şamaxı rayon Mərkəzi kitabxanasının Metodika və biblioqrafiya şöbəsi Vətən müharibəsi şəhidi Şirxan Xanməmmədov haqqında videoçarx hazırlayıb. Videoçarxda şəhidin həyat yolundan, müharibədə göstərdiyi qəhrəmanlıqdan danışılıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı onlayn tədbir keçirilib. Tədbirdə Ali Baş Komandanın qətiyyəti, Ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız tarixi qələbədən söhbət açılıb.

Quba rayon MKS-nin Mərkəzi kitabxanası 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Ombudsmanın Quba Regional Mərkəzi ilə birgə “Hüquqlarımızı bilək və qoruyaq!” adlı videokonfrans keçirib. MKS-nin direktoru Saməddin Nəsirov 1948-ci ilin 10 dekabrında BMT Baş Assambleyasında qəbul olunan Dünya İnsan Hüquqları Bəyannaməsinin tarixi əhəmiyyətindən söz açıb.

Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev videokonfransa qoşularaq qeyd edib ki, dövlət müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçərək, bu sahədə müvafiq beynəlxalq konvensiyalara qoşulub.

***

Qazax, Ağstafa və Yevlax Heydər Əliyev mərkəzlərinin və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə çevirib. Ulu öndərin dövlətçilik yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünya arenasında öncüllər sırasına çıxarıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın torpaqları düşməndən azad edilib, Qarabağımızda üçrəngli bayrağımız dalğalanır.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq şöbəsi Azərbaycanın Vətən müharibəsində zəfər qazanması münasibətilə “Torpaq, uğrunda ölən varsa, vətəndir” başlığı altında oxucularla onlayn şeir saatı keçirib. Tədbirdə Azərbaycan əsgərinin şücaətindən söhbət açılıb və vətənpərvərlik mövzusunda şeirlər söylənilib.

Samux rayon Mərkəzi kitabxanası “Ürəyimdə döyünən Vətəndir” adlı onlayn tədbir keçirib. Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı qələbədən danışıblar.

NURƏDDİN