İşğaldan azad olunmuş rayonlarımızda tədricən abadlıq işlərinə başlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  27 ildən sonra ayaq basdığımız Vətən torpaqlarında ağacəkmə kampaniyasına başlayıb.

Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlifcinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib.

Növbəti belə aksiya Cəbrayıl rayonunda da həyata keçirilib. Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçuları və Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları da iştirak edib.

Polis şöbəsinin inzibati binasının qarşısında, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı ucaltdığı dövlət bayrağının ətrafında və Cəbrayıl şəhərinin girişində ümumilikdə 100-dən çox ağac əkilib.