“Fiqaro” qəzeti onun barəsində xəbəri bu başlıqla vermişdi...

XX əsr Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndələrindən biri  yazıçı, tərcüməçi Ümmülbanu Banin olub. Erkən çağlardan yaradıcılığa maraq göstərib. Böyüdüyü mühit onun dünyagörüşünün zənginliyində mühüm rol oynayıb. Qürbət eldə yaşayıb-yaradan ədibi anadan olmasının 115 illiyi münasibətilə yada saldıq.

Ümmülbanu Mirzə qızı Əsədullayeva (Banin) 18 dekabr 1905-ci ildə Bakıda neft maqnatı Şəmsi Əsədullayevin oğlu, sonralar Azərbaycan Xalq Cümhuriyyəti hökumətində (F.Xoyskinin başçılıq etdiyi üçüncü hökumət) sənaye və ticarət naziri olmuş Mirzə Əsədullayevin ailəsində anadan olub. O, dünyaya gələn zaman anası vəfat edir. Təlim-tərbiyəsi ilə atası məşğul olur. Fransız və ingilis dillərini mükəmməl öyrənir.

1920-ci ildə Cümhuriyyət süqut etdikdən sonra Mirzə Əsədullayev İrana köçür. Qısa müddət sonra yenidən Bakıya qayıdır. Əmlakı bolşeviklər tərəfindən müsadirə edilir. Çıxılmaz vəziyyətə düşən Mirzə Fransaya mühacirət edir. Ailəsi isə Bakıda qalır. Ümmülbanu Balabəy Qocayev adlı bir varlı gənclə ailə qurur. Bir neçə il Bakıda yaşayır və 1924-cü ildə İstanbula köçürlər. O, 19 yaşında həyat yoldaşından ayrılır. Paris şəhərinə, qohum-əqrəbalarının yanına gedir. Bir müddət işsiz qalır. Sonra şəhərdə dəftərxanada katibə, tərcüməçi və s. işləyir. Boş vaxtlarında dostlarına Bakı ilə bağlı xatirələrini danışır. Fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə alır.

Paris həyatı, xüsusilə 30-cu illərin ədəbi mühiti Ümmülbanuda yaradıcılığa maraq doğurur. O daha çox Azərbaycanla bağlı mövzulara müraciət edir. Gənc yazıçının “Hami” adlı ilk romanı 1934-cü ildə çap olunur. Araşdırmalarda qeyd edilir ki, 1946-cı ildə onun “Banin” imzası ilə “Qafqaz günləri” adlı kitabı çapdan çıxır. Kitab işıq üzü gördükdən sonra Banin Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernst Yunger kimi Qərb yazıçılarının diqqətini çəkir.

Mövzusu Azərbaycan həyatından götürülən bu əsərdən sonra müəllif “Paris günləri”, “Ernst Yungerlə görüş”, “Sonra”, “Sonuncu ümidin çağırışı”, “Xarici Fransa”, “Ernst Yungerin portreti” və s. romanları qələmə alır. Bu əsərlər də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır.

Banin qələmini tərcümə sahəsində də sınayır. Rus, ingilis və alman dillərindən tərcümələr edir. O, məşhur rus ədibləri İvan Bunin və Fyodor Dostoyevski yaradıcılığının bilicilərindən biri kimi tanınıb. Dostoyevskinin “Özgə arvadı” əsərini, Tatyana Tolstoyun xatirələrini rus dilindən, Ernst Yungerin “Sülh” romanını almancadan, Qriqori Martonun “Dostum Blizzar” əsərini ingiliscədən fransız dilinə tərcümə edib.

Araşdırmalarda qeyd edilir ki, Banin mühacirətdə olan yazıçılarla tez-tez tədbirlərə qatılarmış. Çox vaxt bu tədbirlərə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Bunin sədrlik edərmiş. Baninlə Bunin belə tədbirlərin birində, 13 iyun 1946-cı ildə tanış olurlar. İlk dəfə Ümmülbanu Bunini Teffinin evində qonaq olarkən fotoşəkildə görmüşdü. Azərbaycanlı xanımın gözəlliyinə heyran olan Bunin onu “Şamaxı şahzadəsi” adlandırır.

Mənbələrdə o da qeyd olunur ki, Banin həmyerliləri ilə görüşdən çəkinərmiş. Deyilənə görə, o, Azərbaycanın heç bir mübarizə aparmadan bolşevizmə tabe olmasını qəbul edə bilmirmiş. Müxtəlif illərdə Parisdə, UNESCO-da çalışmış tanınmış diplomat, ictimai xadim Ramiz Abutalıbov onunla görüşüb. Bu görüş 1981-ci ildə Parisdə Azərbaycan xalçalarının sərgisinə təsadüf etmişdi. Sərgi ərəfəsində R.Abutalıbov Baninə dəvətnamə göndərir və o, yaşlı bir fransalı kişi ilə tədbirə qatılır.

Banin özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. Yazıçı ana yurdunun həqiqətlərinə biganə qalmayıb. Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” Assosiasiyasının üzvü olan Ümmülbanu Banin 1990-cı illərin əvvəllərində dövri mətbuat səhifələrində Qarabağ hadisələri ilə bağlı məqalələr yazıb, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər haqda Fransa ictimaiyyətinə məlumat verib.

Baninin sonuncu bədii əsəri – “Məryəmin mənə danışdığı” romanı 1991-ci ildə  işıq üzü görüb. Bir il sonra, 1992-ci il oktyabrın 29-da vəfat edib. Həmin gün Parisdə çıxan “Fiqaro” qəzeti kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”.

Savalan FƏRƏCOV