2021-ci il Azərbaycanda mədəniyyətlə başladı – “Nizami ili”ndə Qarabağın dirçəlişi həm də milli ruhun yüksəlişi olacaq

Nizaminin şeiri oxunan zaman,
O da hər bir sözdə görünər əyan.
Yüz il sonra sorsan, bəs o hardadır?
Hər beyti səslənər: “Burda, burdadır”.

Yüz deyil, iki yüz deyil, vəfatından ta səkkiz yüz il ötsə də, Nizami dühası bütün cahanı aydınladan sözünün qüdrəti ilə burada, bizimlədir, əsrlər sonra da olacaq. Və nə gözəl ki, 2021-ci il Nizami sözünün işığında keçəcək. İllərin bir-birini belə tapması, təsadüf də olsa, əslində, yaşadığımız zamanın, şanlı tarixin naxışı məhz belə olmalı idi. Çünki hər Zəfərdən sonra bir İntibah var. Qarabağ qalibiyyətli 2020-ci il də Nizami dühalı mədəniyyət ili ilə davam etməlidir.

2021-ci il 30 illik ayrılıqdan sonra qovuşduğumuz Qarabağın dirçəlişi və bu torpaqla bərabər ruhumuzun da yüksəlişi, tarixi-mədəni irsimizin intibahı olacaq. Təkcə ona görə yox ki, xalqımızın mədəni zənginliyinin mühüm bir hissəsi Qarabağla bağlıdır, bu torpağın 30 ilə yaxın işğal altında qalması Azərbaycan mədəniyyətinə də ağır zərbə olub. Bundan sonra Qarabağdakı mədəni irsimizin yeni tarixi başlanır. Bu, xalqımızın əsrlər boyu Qarabağ torpağında yaratdığı, yaşatdığı və son 30 ildə işğalçılar tərəfindən məhv edilən, mənimsənilən tarixi-mədəni irsimizin bərpası, dirçəlişi dövrü olacaq.

Bu həm də ötən 30 ildə təqvimimizi zəbt etmiş qara günlərin silinməsi, zədələnmiş milli qürurumuzun dirçəlişidir. Azərbaycan 2020-ci ildə tarixinin ən böyük imtahanından çıxdı – otuz ilin kəsirini tamamladı.

Sərhədləri bütövləşən ölkəmizdə Qarabağın dirçəlişinə, milli ruhun yüksəlişinə ən parlaq işığı dünya mədəniyyətinə bəxş etdiyimiz böyük düha – Gəncəli Nizami dühası sala bilərdi. Azərbaycan Respublikası Prezidentinin 2021-ci ildə imzaladığı ilk fərman-sərəncamlar da Qarabağın dirçəlişi (4 yanvar) və “Nizami ili” elan edilməsi (5 yanvar) ilə bağlı oldu. Qarabağ Dirçəliş Fondunun yaradılması haqqında fərmanda vurğulandığı kimi, “otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır”.

2021-ci ildə Qarabağda bizi böyük quruculuq işləri gözləyir. Ölkəmizin mədəniyyət ictimaiyyəti, bu sahəyə cavabdeh nazirlik və müvafiq qurumlar da bu quruculuq  salnaməsinə öz töhfəsini verəcək. Təsadüfi deyil ki, Mədəniyyət Nazirliyinin ötən ilin zəfər soraqlı günlərindən başlanan və bu il davam edəcək layihələrinin ümumi məram-devizi də budur: Mədəniyyəti Qarabağa qaytarırıq!

Çünki Qarabağın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası, insanların doğma yurdlarına qayıdışı deyil, eyni zamanda bu torpaqlara geniş anlamda mədəniyyətin qayıtması deməkdir. Mədəniyyət təkcə bərpa olunan abidə, tarixi irs, qurulan mədəniyyət ocağı, nümayiş olunan sənət əsəri deyil. Mədəniyyət mədəni düşüncə, təfəkkür, insaniyyət, bəşəri dəyərlər və bu dəyərlərə sadiqlikdir. Biz Qarabağı dirçəlməklə orada ötən otuz ildə yox edilmiş mədəniyyəti bu geniş anlamda da bərqərar edəcəyik.

Bununla dünya da vandalizm zehniyyəti ilə qurub-yaratmaq mədəniyyətinin fərqini görəcək. Biz bu torpaqlara mədəniyyəti qaytarmaqla, oradakı tarixi-mədəni irsi bərpa etməklə dünyaya da göstərəcəyik ki, Qarabağda 30 ilə yaxın talanla məşğul olanlardan fərqli olaraq, bu yerlərin əsl və əzəli sahibi kimlərdir.

Azərbaycan Prezidentinin yanvarın 5-də yeni mədəniyyət nazirini qəbul edərkən söylədiyi sözlər həm də xalq və dövlət olaraq mədəniyyətə verdiyimiz müstəsna dəyərin təsdiqidir: “Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir”.

Dövlət başçısı indiyədək bir çox çıxışlarında ölkəmizin mədəni inkişafı, mədəni irsin, milli-mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı fikirlərini diqqətə çatdırıb, müvafiq tövsiyə və tapşırıqlarını verib. Budəfəki çıxış isə bütünlüklə bu mövzuya həsr olunmuşdu, konseptual, proqram xarakterli nitq idi. Bu nitqin müddəaları bu və sonrakı illərdə mədəniyyət adına görüləcək işlərin əsas prinsipləri olacaq.

***

Azərbaycanın tarixində yeni bir səhifə olacaq, Qarabağ zəfərli, sərhədlərimiz bütöv qədəm qoyduğumuz 2021-ci il həm də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30 illiyidir. 30 ilin çiynimizdə qabar, qəlbimizdə qubar olmuş tarixi yükünü – torpaq həsrətini və Qarabağsızlıq dərdini geridə qoyub müstəqilliyimizin 30 yaşına mübarək deyirik. Müstəqillik misilsiz bir nemətdir. Müstəqilliyin yaşıdı olmaq da taleyin bir naxışıdır.

Bu il (dəqiqi, bu ay) bu sətirlərini oxuduğunuz qəzetin də 30 illiyidir. Müstəqil Azərbaycanın yaşıdı, hətta ondan bir neçə ay böyük qəzet. 1991-ci ilin yanvarında hələ sovet dövrü bitməmişdi, Müstəqillik Aktının qəbul olunmasına (18 oktyabr) doqquz ay var idi. Qəzetin başlığı altında  “Azərbaycan SSR Mədəniyyət Nazirliyinin orqanı” sözləri yazılmış, yanında SSRİ mədəniyyət naziri Nikolay Qubenkonun adından təbrik teleqramı da dərc olunmuşdu...

Amma və lakin... Artıq müstəqillik mehi əsirdi. SSRİ mədəniyyət nazirinin təbriki ilə yanaşı Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybəkin təbrik sözlərinin də yer alması bunun göstəricisi idi. Türkiyə naziri müstəqilliyə doğru yol alan Azərbaycanın mədəniyyəti adına yaradılan qəzeti nəşrə başlaması münasibətilə təbrik edirdi...

Keçmişdən günümüzə hər bir xalqın, məmləkətin, hətta böyük imperiyaların inkişaf səviyyəsi mədəni tərəqqi, incəsənətdə, ədəbiyyatda, elmdə intibahla ölçülüb. Əsrlərdən bizə qalan ən zəngin dəyər elə mədəni irsdir. Bir yapon xalq məsəlində deyilir ki, dünyada hər şey unudulandan sonra qalan nəsə varsa, o, mədəniyyətdir.

Azərbaycan mədəniyyətinin də min illərdən üzü bəri keçib gəldiyi uzun yol var. Onun əhəmiyyətli bir hissəsi də son otuz ilə – ölkəmizin müstəqillik dövrünə aiddir. Bu zəngin tarixin salnaməsi isə böyük ölçüdə mətbuat səhifələrində qalır.

M.Bulqakovun məşhur qəhrəmanının (“Ustad və Marqarita”dakı Voland) sonralar zərbi-məsələ çevrilən sözü var: “Əlyazmalar yanmır...”. Əlbəttə, əlyazmalar da, kitab-qəzetlər də yanır, tarix boyu necə böyük maddi sərvətlər, kitabxanalar yanıb kül olub. Amma bu, yazılan yazının, əsərin dəyər-qiymətini, yaşarılığını ifadə edən sözlərdir.

Azərbaycanda mədəniyyətlə bağlı nəşrlər ötən əsrin 20-30-cu illərindən müxtəlif adlar altında işıq üzü görüb. 1934-cü ildən “Ədəbiyyat qəzeti” nəşr olunub, 50-ci illərdə onu “Ədəbiyyat və incəsənət” qəzeti əvəzləyib, 1984-cü ildə bu qəzet “Xalqlar Dostluğu”  ordeni ilə də təltif edilib. 1991-ci ildən isə ədəbiyyatın öz qəzeti, incəsənətin (mədəniyyətin) də öz qəzeti olub.

Bu yerdə “Mədəniyyət” qəzetinin yaradıcısı və ilk baş redaktoru olmuş görkəmli şair-publisist Şahmar Əkbərzadənin xatirəsini bir daha minnətdarlıq hissi ilə yad etmək istərdim.

Ötən illərdə qəzetin redaksiya heyəti, nəşr formatı, dövriliyi, dizaynı və s. dəyişsə də, respublikamızın mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünya mədəniyyəti ilə bağlı ən maraqlı məlumatları çatdırmaq məramı dəyişməz olaraq qalır. “Mədəniyyət”in ötən dövrdə zəngin inkişaf yolu keçərək ölkəmizin kütləvi informasiya vasitələri arasında və müasir mətbuat tariximizdə layiqli yer tutduğunu söyləsəm, bunu da qeyri-təvazökarlıq kimi qəbul etməyin. Çünki həqiqət payı çoxdur.

30 ildə “Mədəniyyət”in 1777 sayı çapdan çıxıb – bu irili-xırdalı, müxtəlif səpkili  50-60 min yazı deməkdir. Bundan əlavə, ötən illərdə ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı qəzetin xüsusi buraxılışları, eləcə də “Kitab”, “Afişa” əlavələri işıq üzü görüb. Müstəqilliyimizin yaşıdı olan qəzetin səhifələrində müstəqillik dövrü mədəniyyət tarixinin salnaməsi yaşayır. O cümlədən elektron formatda. “Mədəniyyət”in 2008-ci ildən fəaliyyət göstərən internet saytı hazırda ölkəmizdə mədəniyyətlə bağlı ən zəngin elektron resursdur. 

***

Sonda bir daha başa dönmək istərdim. Nizami adı və dühası ilə işıqlanacaq, Qarabağımızın dirçəlişi və onunla bərabər milli ruhumuzun yüksəlişi, mədəniyyətimizin intibahı ilə tarixə yazılacaq bir ilə qədəm qoymuşuq. Bunun belə olacağına inamımız tamdır.

880 yaşını qeyd edəcəyimiz Nizaminin ilində bizi mədəniyyətimiz, söz-sənət irsimiz adına bir çox əlamətdar yubileylər də gözləyir.

2021-ci il xalq şeirimizin ustadı Aşıq Ələsgərin 200, məşhur təsviri sənət ustalarımız – Xalq rəssamları Mikayıl Abdullayevin, Böyükağa Mirzəzadənin, Kamil Əliyevin, Oqtay Sadıqzadənin, görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun, Xalq yazıçısı Əzizə Cəfərzadənin, unudulmaz teatr və kino aktyoru Həsənağa Salayevin, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illiyidir.

Ölkəmizin tərəqqisi mədəniyyətimiz üçün də yeni üfüqlər açır. Bu tarixin yazıldığı mətbu səhifələrdə imzası olmaq isə həm məmnuniyyət, həm də məsuliyyət deməkdir. Mədəniyyət adına ilin ilk yuvarlaq yaşını tamamlayan qəzetimiz də məmnunluqla bu məsul sıradadır. Siftəni biz etdik. Davamı olacaq...

Hər kəsə sayğılarla

Vüqar ƏLİYEV