12 yanvar 2002-ci il
Qeyri-adi sərgi

İçərişəhərin Miniatür mərkəzində qeyri-adi sərgi təşkil olunub. Binəqədi rayonundakı 266 saylı bağça uşaqlarının əl işlərindən ibarət sərgidə 63 rəsm nümayiş etdirilib. Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov əl işlərini yüksək qiymətləndirib. Sərgidə rəsmləri almaq istəyənlər də tapılıb. Maraqlı ideya ortaya atılıb: auksion təşkil edib balacaların rəsm işlərinin satışını keçirmək.

 

18 yanvar 2003-cü il
Azərbaycan dirijoru İstanbul səhnəsində

İstanbul Dövlət Opera və Balet Teatrında A.Borodinin “Knyaz İqor” operasının ilk tamaşası böyük uğurla keçmişdir. Türkiyə, Rusiya və Azərbaycan aktyorlarının iştirak etdikləri tamaşaya Rusiyanın tanınmış rejissoru, “Gelikon-opera” Moskva Opera Studiyasının rəhbəri Dmitri Berqman quruluş vermiş, orkestrə isə həmyerlimiz Yalçın Adıgözəlov dirijorluq etmişdir.

 

17 yanvar 2004-cü il
Nizami Gəncəvinin məqbərəsində təmir

Böyük şairin vətəni Gəncədə gərgin təmir işləri gedir. Nizami Gəncəvinin əsaslı bərpaya ehtiyacı olan məqbərəsinin son bərpa işləri yekunlaşmaqdadır. Bu yəqin ki, yeni ilin ilk aylarına təsadüf edəcəkdir.

 

8 yanvar 2005-ci il
Dahi bəstəkarın yubileyinə hazırlıq görülür

Azərbaycan Milli Konservatoriyası Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə tədbirlər planı hazırlanmışdır. Konservatoriyanın mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər planı dahi bəstəkarın irsini öyrənmək məqsədilə onun publisistik əsərlərini, musiqi əsərlərinin əlyazmalarını çap etmək üçün hazırlanmışdır. Eyni zamanda Ü.Hacıbəyovun opera və operettaları tamaşaya qoyulacaq, elmi-nəzəri konfranslar keçiriləcəkdir.

 

27 yanvar 2010-cu il
“Keçmişdən gələcəyə”

Yanvarın 23-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi öz qapılarını “Rusiya-Azərbaycan: 105 il SİTA-nın fotoşəkillərində” adlı sərgi ilə tamaşaçıların üzünə açdı. Mərasim iştirakçıları 105 fotoşəklin nümayiş etdirildiyi ekspozisiya ilə tanış oldular. Fotolardan ən qədimi 1904-cü ilə aiddir. Həmin fotoşəkildə Bakı mədənlərində neft çıxarılması prosesi əks olunub.

 

25 yanvar 2013-cü il
Bakıda müasir yapon memarlığı nümunələrinin sərgisi

Yanvarın 24-də Mədəniyyət və Turizm Nazirliyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Yaponiya Mədəniyyət Fondunun xətti ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Müqayisəli Yaponiya – müasir yapon memarlığı: 1996-2006” adlı sərgi açıldı. Sərgi ziyarətçilərə yapon memarları tərəfindən müxtəlif ölkələrdə ucaldılmış möhtəşəm binaların təsvirləri ilə tanış olmaq imkanı verir.

 

22 yanvar 2016-cı il
“Türk dünyasının mədəniyyət paytaxtı” təntənəli tədbirlərə hazırlaşır

TÜRKSOY Daimi Şurasının qərarına əsasən, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Ölkəmizin füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, qədim xalq sənətkarlığı, özünəməxsus zəngin mətbəxi ilə tanınan, inkişaf etmiş turizm bölgəsi olan Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçiriləcək tədbirlər sayəsində öz şöhrətini daha da artıracaq. Şəhərdə il ərzində təşkil olunacaq təntənəli tədbirlərə hazırlıq görülür.

 

13 yanvar 2017-ci il
Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Molla Pənah Vaqifin 300 illiyinin UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustasının yaradıcılığına verilən yüksək qiymətin təzahürüdür.

 

11 yanvar 2019-cu il
Musiqili Teatrda üç yeni tamaşanın məşqləri gedir

Azərbaycan Dövlət Musiqili Teatrı 2019-cu ildə də teatrsevərlərə bir neçə yeni tamaşa təqdim edəcək. Sənət ocağında ilin ilk premyerası Antuan de Sent-Ekzüperinin məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” tamaşası olacaq.