Turizm sahəsində geoinformasiya sistemi 2010-cu ilin ortalarına qədər istismara veriləcək. "Sinam" şirkətinin biznesin inkişafı üzrə direktoru İslam Əhmədovun sözlərinə görə, hazırda turizm obyektlərinin yerləşdirilməsinə dair məlumatların yığılması prosesi gedir. Bu məlumatlar Azərbaycanın elektron xəritəsində öz əksini tapacaq. Layihədə yerlərin müəyyən edilməsi üzrə qlobal sistemdən (GPS - Global Position System) istifadə ediləcək. Bütün turizm obyektləri GPS terminalları ilə təchiz ediləcək, bu isə öz növbəsində turizm obyektlərinin koordinatlarını və yerləşməsini dəqiqliklə müəyyən etməyə imkan yaradacaq. Bu layihə axtarış sistemi istifadəçilərinə internet şəbəkəsi vasitəsilə turizm obyektləri barədə daha ətraflı məlumat əldə etməyə imkan yaradacaq. Sistem xüsusi internet portalı üzərində qurulacaq. Layihənin sifarişçisi qismində Mədəniyyət və Turizm Nazirliyi çıxış edir.