Layihə çərçivəsində bələdçi kataloqu hazırlanıb
   
    Azərbaycanın turizm potensialının xarici nəşrlərin adı altında beynəlxalq auditoriyaya çatdırılması üçün Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bələdçi kataloqu hazırlanır. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədovun qəzetimizə verdiyi məlumata görə, təmsil etdiyi qurum tərəfindən geniş oxucu auditoriyası olan 70-ə yaxın xarici nəşrə müraciətlər ünvanlanıb: «Bu nəşrlərin əksəriyyəti müraciətlərə müsbət cavab verib. Hazırda nazirliyin bu təklifi ilə razılaşan ölkələr arasında Amerika (2 nəşr), İngiltərə (1), Fransa (1), Almaniya (1), Rusiya (4 ), Birləşmiş Ərəb Əmirlikləri (1) və İsveçrə (1) var». 
   
   Layihə çərçivəsində Rusiyada nəşr edilən «Vokruq sveta» nəşriyyatı ilə razılaşmaya görə 260 səhifəlik bələdçi kataloqu hazırlanıb. Qeyd edək ki, «Vokruq sveta»nın qrifi ilə 100-ə yaxın ölkə haqqında bələdçi kitabı nəşr edilib. Azərbaycan haqqında bələdçi kataloqu seriyanın 100-cü nəşri olacaq. Nazim müəllim bildirir ki, bu ilin iyununda Rusiya Federasiyasında keçirilən Azərbaycan Mədəniyyəti Günlərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və «Vokruq sveta» jurnalının rəhbərliyinin imzaladığı sənəd əsasında belə bir kataloqun nəşr edilməsi ilə bağlı razılığa gəlinib. Nazirlik bu məqsədlə həmin jurnalın müvafiq mətni yazacaq əməkdaşının Azərbaycana gəlməsini və regionları gəzməsini təklif edib: «May ayında jurnalın əməkdaşı Yuliya Şukinanın ölkəmizə səfərini təşkil etdik. Müəllif kataloqda adları keçən mədəniyyət abidələrimizi öz gözləri ilə gördü, rayonlarımızı gəzdi və bizim də köməyimizlə kitabın mətnini hazırladı». N.Səmədovun dediyinə görə, nazirliyin nəzarəti olmadan xarici nəşrlər bu tipli layihələri həyata keçirəndə ciddi səhvlərə yol verirlər. Məsələn, xəritələr düzgün tərtib olunmur, hansısa məlumatlar dəqiqləşdirilmədən yerləşdirilir və s. Buna görə də Mədəniyyət və Turizm Nazirliyi həmin layihələrin reallaşması üçün sponsorluqla yanaşı, mətnlərin hazırlanmasında da iştirak edir.
   Nazirlik sözçüsü onu da dedi ki, «Vokruq sveta» jurnalı ilə layihəni tamamlamaq üzrədirlər: «Artıq kataloqun maketini razılaşdırmışıq. Oktyabrın 15-dək bu kataloqun nəşr edilməsi və yayılması nəzərdə tutulur. Həmin vaxt həm Moskvada, həm də Azərbaycanda təqdimatını edəcəyik. Kataloq Rusiyanı və keçmiş postsovet məkanını əhatə edəcək. Birinci mərhələdə kataloq 5 min nüsxə ilə nəşr ediləcək».
   Nazim müəllim maraqlı bir məlumatı da diqqətimizə çatdırdı ki, hazırlanacaq kataloqlar təkrar nəşr edilə bilər. Amma bir şərtlə ki, ötən müddət ərzində Azərbaycan turizmində baş verən yeniliklər, dəyişikliklər burada öz əksini tapmış olsun: «Məsələn, gələn il həmin kataloqa tikilməkdə olan xalça muzeyi, Opera və Balet Teatrının rekonstruksiyası başa çatdığından onun daha geniş imkanları haqqında məlumatlar həmin kataloqa daxil ediləcək». Nəfis və rəngli tərtibatda hazırlanan kataloqun üzərində Azərbaycan xalçası nümunəsinın görüntüsü öz əksini tapıb. Maraqlıdır ki, müxtəlif ornamentli xalçalarımızın görüntüləri içəri səhifələrdə də yerləşdirilib. N.Səmədov bunun səbəbini onunla izah etdi ki, Azərbaycan xalçaları bütün dünyada yayılıb: «Amma xalçalarımız başqa-başqa adlar altında təqdim edilir. Məsələn, sadəcə “Qafqaz” və ya «Quba» adı ilə. Qubanın isə harada yerləşməsi, hansı ölkəyə mənsub olması göstərilmir. Xalça ilə maraqlanan əcnəbi nə bilsin ki, Quba haradır. Ona görə də belə anlaşılmazlıqları aradan qaldırmaq üçün biz bu variantı fikirləşmişik».
   Bu layihəni davam etdirmək niyyətində olduqlarını deyən N.Səmədov, bu səbəbdən də müxtəlif xarici ölkələrin bəzi nəşrləri ilə razılığa gəldiklərini söylədi: «Fransada nəşr edilən «Mondeos» nəşriyyatı ilə (İsveçrə, Belçika və başqa fransızdilli ölkələrdə yayımlanacaq) artıq müqavilə imzalamışıq. Razılaşmamıza əsasən bu brend altında hazırlanacaq bələdçi kitabı 2010-cu ilin mart ayında, yəni gələn ilin turist mövsümünün başlanmasından əvvəl hazır olmalıdır. Bundan başqa, Böyük Britaniyanın tanınmış nəşrlərindən olan «Hedonist» nəşriyyatı (ABŞ və digər ingilisdilli ölkələrdə yayımlanacaq), Birləşmiş Ərəb Əmirliklərinin «Explorer Publishing» (ərəb ölkələrini əhatə edəcək) jurnalları ilə müqavilə bağlamışıq. Almaniyanın «Rother Wanderfuhrer» (bir sıra Avropanın almandilli ölkələrində yayılacaq) nəşrinə isə belə bir layihə təklifi ilə müraciət etmişik».
   
   Fəxriyyə ABDULLAYEVA