Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir. Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bizim xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən təcavüzdür. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Anım günü münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “20 Yanvar – qan yaddaşımız” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin 20 Yanvar haqqında fikirləri, haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və fotolar əks olunub.

Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm