“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) “20 Yanvardan başlanan Zəfər yolu” adlı onlayn konfrans keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.

İdarənin tabeliyində olan Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən videokonfransda “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, idarənin əməkdaşları, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev iştirak ediblər.

Çıxışçılar 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsi olduğunu bildiriblər. Vurğulanıb ki, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə qazandığı müstəqilliyə görə həm də 20 Yanvar hadisələrində həlak olan qəhrəman övladlarına borcludur. Bu gün paytaxtımızın ən hündür guşəsində salınan Şəhidlər xiyabanı gələcək nəsillər üçün rəşadət simvoludur.

Qeyd edilib ki, faciənin 31-ci ilində Azərbaycan xalqı, hər bir vətəndaşımız torpaqlarının azadlığı və bütövlüyü uğrunda şəhid olan oğul və qızlarının ziyarətinə alnıaçıq gedir. Çünki Azərbaycan 20 Yanvar şəhidlərinin əsas istəyi və arzusu olan ərazi bütövlüyünü bərpa edib.

Tədbirin bədii hissəsində məktəblilərin təqdimatında şeirlərdən ibarət videoçarx nümayiş olunub.