“Nizami Gəncəvi İli”nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur
Xalqın ən böyük sərvətlərindən biri milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir. Çünki bir xalqın dünya sivilizasiyasında özünəməxsus yer tutmasında onun dahi şəxsiyyətləri xüsusi rol oynayır. Biz də o xoşbəxt xalqlardanıq ki, söz yaradıcılarımız bəşəriyyətə öz töhfələrini verib və bütün dünyada tanınır, sevilir. Belə əvəzolunmaz dahilərimizdən biri, heç şübhəsiz, Nizami Gəncəvidir.
Bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev deyib.
Elnur Əliyev bildirib ki, bu il 880 illik yubileyi qeyd ediləcək dahi mütəfəkkirimizin ölməz ədəbi irsi təkcə xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilməyib, eyni zamanda onun əsərlərindəki humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, dərin fəlsəfi fikir bütünlükdə bəşəriyyətə ünvanlanıb. Qüdrətli söz sənətkarının məşhur “Xəmsə”si bəşəriyyətin mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi mədəni və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.
2019-cu ilin “Nəsimi ili”, 2021-ci ilin isə “Nizami ili” elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur.
Nizami fəlsəfəsi Şərqlə Qərbin bir-birinə “aşiq olduğu” bu coğrafiyanın hələ XII əsrdən intellektli insanların, mədəni müxtəlifliyin, tolerantlığın beşiyi olduğunu göstərir. Dünyanın bir çox yerində ali təhsil müəssisələrinin yenicə yarandığı, dini zəmində münaqişələrin baş verdiyi o dövrlərdə Azərbaycanda xalqımız humanizm fəlsəfəsi ilə tərbiyələndirilirdi, kamil insanın inkişaf dövrlərindən söz açılırdı. Məhz buna görə belə şəxsiyyətlərin geniş təbliğinə böyük ehtiyac var. Mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin tanıdılması çox vacibdir. Bu baxımdan, belə ənənələri formalaşdıran Nizami Gəncəvilərin dünyada təbliği böyük əhəmiyyət kəsb edir.
Zəngin mədəniyyətin yetişdirdiyi belə şəxsiyyətlərin təbliği siyasi baxımdan da xüsusi məna daşıyır. Bu il xalqımız həm də şanlı Zəfərimizin ildönümünü qeyd edəcək. Səkkiz əsr öndə Nizami sözü ilə ədaləti təbliğ edən Azərbaycan xalqı bu gün həm də ədaləti təmin edən xalq kimi özünü təsdiqlədi. Buna görə də 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin xüsusi siyasi mənası var.
Elnur Əliyev diqqətə çatdırıb ki, 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və dəstəyi sayəsində fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Nizami ili”ndə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Mərkəz bu günədək Azərbaycanın beynəlxalq arenada müsbət imicinin gücləndirilməsi, eləcə də ölkə həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması istiqamətində həyata keçirilən fəaliyyətlərə böyük töhfə verib.
“Nizami Gəncəvi İli” çərçivəsində mərkəzin təşəbbüsü ilə bir sıra nəşr layihələri də nəzərdə tutulur. Bunlardan biri Şərq miniatür sənəti tarixinin öyrənilməsinə həsr edilmiş “Şair və nəqqaş qələminin sehri. Nizami “Xəmsə”sindən seçilmiş miniatürlər” adlı elmi-kütləvi (Azərbaycan və ingilis dillərində) kitabdır. Nəşr Orta əsrlərdə mövcud olan bütün miniatür məktəblərini (Təbriz, Herat, Şiraz, Qəzvin, İsfahan və s.) əhatə edən, eləcə də Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalara müxtəlif dövrlərdə çəkilmiş miniatürlər əsasında hazırlanır. İllüstrasiyalar Asiya, Avropa, Şimali Amerikanın böyük muzey və kitabxanalarında saxlanılan rəsm nümunələri əsasında toplanıb. İlk dəfə olaraq Nizaminin əsərlərinə çəkilmiş və İstanbulun Topqapı Sarayı Kitabxanasında saxlanılan “Xəmsə”nin 69 əlyazma nüsxəsindən 41-i araşdırmaya cəlb olunub. Rusiya Milli Kitabxanasında saxlanılan “Xəmsə” əlyazmalarına çəkilmiş rəsmlər ayrıca bir fəsildə təqdim olunur. Eyni zamanda, Nizami Gəncəvinin həyat və yaradıcılığı məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru Rüstəm Əliyevin “Əbədi məhəbbət haqqında poema” əsərindən seçmələrlə təqdim olunur. Kitabda “Müasir Azərbaycan miniatürü” adlı fəslin də yer alması göstərir ki, bu gün klassik miniatür sənəti ölkəmizin bir çox fırça ustalarının marağını cəlb etməkdədir.
Bundan əlavə, Nizami dövrünü ictimai-siyasi və mədəni münasibətlər müstəvisində araşdırmaq, Nizamini bu günün ədəbi-bədii təfəkkürü daxilində təhlil edib onu milli kimliyimizin təzahür forması kimi təqdim etmək məqsədilə “Nizami çağı” adlı elmi araşdırma kimi müxtəlif nəşrlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Bütün bunlarla yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən yerli və əcnəbi nizamişünasların iştirakı ilə beynəlxalq konfransların, onlayn müzakirələrin təşkili planlaşdırılır.