“Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq”

“Torpaqlarda minatəmizləmə işləri aparılmadan hər hansı bərpa və inkişafdan söhbət gedə bilməz”

Azad edilmiş torpaqlarda son günlərdə, əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın.

Prezident İlham Əliyev bu sözləri fevralın 4-də Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, minalar həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb: “Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür”.

Prezident qeyd edib ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz: “Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.

Agentliyin qarşısında böyük vəzifələr durur. İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün, əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır.

Yeni texnikanın alınması, əlbəttə ki, növbədə duran əsas vəzifələrdən biridir. Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər”.

Müharibə başa çatandan sonra Müdafiə Nazirliyinə əlavə istehkamçı taborlar yaradılması barədə göstəriş verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu günə qədər işin təqribən 80-90 faizini Müdafiə Nazirliyinin istehkamçıları görüblər. Bundan sonra işin əsas hissəsini yeni yaradılan agentlik öz üzərinə götürməlidir. Müdafiə Nazirliyinin istehkamçıları bundan sonra da çalışacaqlar. Çünki işin həcmi kifayət qədər böyükdür.

“Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir. Dəyən ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, evlərin tikilməsi, iş yerlərinin yaradılması – əgər bu işlər görülməsə, insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki, yolu, məktəbi, xəstəxanası olsun. Bu, böyük, genişmiqyaslı bir işdir. Mənfur düşmən işğal edilmiş və azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Hətta son günlərə qədər yaşadıqları evləri də çıxarkən məhv edib, yandırıb, ağacları qırıb, xüsusilə Kəlbəcər və Laçın rayonlarında. Ağacların bir hissəsini yük maşınlarına doldurub Ermənistana satmağa aparıb. Qalan ağacları, sadəcə olaraq, qırıb ki, bizə qalmasın. Özləri tikmədikləri, – azərbaycanlıların yaşadıqları evləri ki, onları zəbt etmişdilər, – yandırıblar, dam örtüklərini, pəncərə çərçivələrini, sanitar qovşaqlarını çıxarıb aparıblar. Bu biabırçı kadrlar xarici mediada da kifayət qədər işıqlandırılmışdır. Görün, onlar nələri özləri ilə aparırlar?! Sanitar qovşaqlarını. Mənfur xuntanın özünə ofis yaratdığı Şuşa şəhərinin keçmiş raykom binasında kondisionerləri, radiatorları bu qaçaqaçda çıxarıblar. Çünki biz bilirdik ki, onlar oradan necə qaçırdılar. Bəlkə də qaçışda rekord nəticələr göstərmişlər. Amma bu qaçaqaçda da bellərinə yəqin ki, radiator, kondisioner bağlayıb Ermənistana qaçırdılar. Yəni, bizim bütün infrastrukturumuz, binalar yerlə yeksan edilib. Ona görə hər kəs başa düşməlidir ki, bu işin miqyası nə qədər böyükdür və Azərbaycan bu bərpa işlərinə təkbaşına start verib. Biz heç kimdən yardım gözləmədən buna start vermişik və bütün işlər plan üzrə gedir”, – deyə Prezident əlavə edib.

Dövlət başçısı qeyd edib ki, təmizləmə işləri də, ardıcıllıqla aparılmalı, prioritetlər düzgün müəyyən edilməlidir: “Siz bu prioritetləri də Operativ Qərargahla mütləq razılaşdırın. Çünki bu prioritetlər bizim bərpa işlərimizlə də uzlaşmalıdır. İlk növbədə, misal üçün, infrastruktur obyektləri – indi yollar çəkilir, mütləq o sahədə minatəmizləmə işləri aparılmalıdır, hava limanı tikilir, orada da indi bu işlər aparılır, elektrik xətləri çəkilir, yol boyunca bu işlər görülməliir.

Yaşayış məntəqələrinə gəldikdə, biz, ilk növbədə, şəhərləri bərpa etməliyik. Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm. Biz indi “ağıllı kənd” konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim. “Ağıllı kənd” birinci pilot layihəsi icra ediləcəkdir. Məhz o yerlər də düzgün təsbit edilməlidir. Əkin sahələri və əkin sahələrinə gedən yollar təmizlənməlidir. Bu da prioritetlər sırasındadır. Çünki mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib. Azad olunmuş torpaqlarda təkcə taxıl altında 90 min hektar sahədən mənfur düşmən qanunsuz istifadə edib və qanunsuz varlanıb. Vaxt itirməmək üçün mənim göstərişimlə bütün güclər artıq səfərbər edilib və müharibə başa çatandan sonra mən dərhal bu işlərə start verdim. Deyə bilərəm ki, payızlıq əkin də aparılmışdır. Baxın, müharibə noyabrın 10-da dayandı və biz dekabr ayından payız əkininə başlamışıq. Mənə gündəlik məlumat verilir, 7 min hektarda artıq payız əkini aparılıb. Yəni, bu, yenə də bizim gücümüzü göstərir. Onu göstərir ki, biz bir dəqiqə də, bir gün də gözləmək istəmirik. Biz bu torpaqlara qayıtmaq istəyirik və keçmiş köçkünlər, əlbəttə ki, bu arzularla 30 il yaşayıblar. Onların hisslərini başa düşmək olar. Amma, eyni zamanda, onların və onlarla birlikdə olanların təhlükəsizliyi birinci dərəcəli məsələdir”.

Prezident bildirib ki, inkişaf etmiş ölkələrdə bu işdə robotlardan geniş istifadə edirlər, biz də bundan istifadə etməliyik. Ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir: “Bizim Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər. Beynəlxalq təşkilatlar tərəfindən də bizim bu agentliyin xidmətindən istifadə oluna bilər. Bax, strategiyanı belə qurun. Yəni, bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır. Ancaq qısamüddətli və ortamüddətli strategiya torpaqların minalardan təmizlənməsidir ki, bərpa işləri başlansın və vətəndaşlar tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər”.