Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Şotlandiyanın Edinburq şəhərindəki Stevenson Kollecinin qonağı olublar. Səfər «British Consul»un həyata keçirdiyi “Cənub-Şərqi Avropa ölkələrinin orta ixtisas məktəbləri arasında birgə əməkdaşlıq” layihəsi çərçivəsində baş tutub. Bir həftəlik səfər çərçivəsində Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubovun rəhbərlik etdiyi nümayəndə heyətinin Stevenson Kollecinin rəhbərliyi ilə keçirdiyi görüşlərdə ötən iki ildə kolleclər arasında əməkdaşlıq sayəsində qazanılmış uğurlar və qarşıda duran vəzifələr müzakirə edilib. Bu ilin aprelində kolleclər arasında ikiillik əməkdaşlıq layihəsi başa çatdıqdan sonra da əlaqələrin davam etdirilməsi qərara alınıb.
   Mingəçevirli qonaqlar Stevenson Kollecində tədrisin təşkili, yeni dərsliklər, maddi-texniki baza, tədris planları, tədrisin interaktiv metodları ilə yaxından tanış olublar. Turizm Kollecinin tələbələri Humay Baxışova və Fidan Hüseynova bir müddət şotlandiyalı ailələrdə yaşayıblar. Bu vaxt ərzində onlar eyni zamanda Stevenson Kollecinin tədris prosesində iştirak ediblər. Səfər çərçivəsində azərbaycanlı təhsil işçiləri Şotlandiyanın Kraliça Marqaret Universitetinin rəhbərliyi ilə görüşərək, birgə əməkdaşlıq barədə razılıq əldə ediblər.
   Stevenson Kollecinin nümayəndələri martda Mingəçevirə gələcəklər.
   
   Fəxriyyə Abdullayeva