Fevralın 24-də Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) "29-cu ildönümündə Xocalı soyqırımının düşündürdükləri" başlıqlı panel və sərgi keçirildi.

Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunan tədbirdə əvvəlcə iki ölkənin himnləri səsləndirildi, Xocalı faciəsi qurbanlarının, eləcə də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Xocalı faciəsi barədə ümumi məlumat verildi, faciənin dəhşətlərini əks etdirən film nümayiş etdirildi.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, azərbaycanlı professor Aygün Əttarın moderatorluğu ilə keçirilən tədbirdə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri Bağdat Amrayev, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxış etdilər.

Xocalı soyqırımına siyasi qiymət verilməsi, soyqırımın dünya birliyi tərəfindən tanınması proseslərindən bəhs edən professor Aygün Əttar diqqətə çatdırdı ki, Ermənistan təkcə Xocalı soyqırımını törətməyib, eyni zamanda, otuz il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün tikililəri dağıdıb, meşələri yandırıb, məhv edib, yeraltı və yerüstü sərvətləri talayıb, su mənbələrinə və təbiətə qarşı sistemli terror törədib.

İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı yalnız Xocalı soyqırımını deyil, çoxsaylı cinayətlər törətdiyini xatırladan səfir Xəzər İbrahim bildirdi ki, bu cinayətlər 44 günlük Vətən müharibəsində müasir dünyanın gözü qarşısında ən ağır formalarda davam etdi. Azərbaycanın infrastrukturu, mülki əhali, yaşayış məskənləri ağır artilleriya və raketlərlə hədəf alındı. Lakin bütün bu vəhşiliklərə sinə gərən Azərbaycan savaşdan üzüağ və qalib çıxdı. İndi biz Zəfər qazanan qalib xalq kimi başımızı dik tutaraq Xocalıya ədalət tələb edirik.

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran isə bildirdi ki, türk xalqları bir-birinə dəstək verərək daha mübariz olmalıdır: “Bir olsaq, təhdid və risklərə qarşı daha təsirli tədbirlər görərik”.

Çıxışçılar Xocalı soyqırımının 29-cu ildönümünün bu il ötən dövrlə müqayisədə fərqli şəkildə anıldığını, müharibədən qalib çıxmış xalq və ölkədə zəfər ab-havasının yaşandığını vurğuladılar.

Tədbirə Qazaxıstanın Türkiyədəki səfiri, başqa diplomatlar da qatılmışdı.

İştirakçılar 1992-ci ilin 26 fevralında Xocalıda yaşanmış insanlıq dramını əks etdirən fotosərgi ilə də tanış oldular.

Mehparə SULTANOVA
Ankara