Mahir Qəhrəmanov: «Sərgidə 15 rayonun turizm imkanları təqdim olunur»
   

   Aprelin 28-də Bakının Heydər Əliyev adına İdman-Konsert Kompleksində AİTF - Beynəlxalq Turizm və Səyahətlər Sərgisi işə başlayır. 2002-ci ildən etibarən ənənəvi olaraq düzənlənən sərgi Cənubi Qafqaz regionunda turizmlə bağlı yeganə ixtisaslaşmış sərgidir. “AİTF-2010” sərgisi Böyük Britaniyanın “İTE Group PLC” və onun Azərbaycandakı tərəfdaşı «İteca Caspian» şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgiyə, həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Şirkətləri Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstək verilir.
   Bu il ilk dəfə olaraq “AİTF - 2010” sərgisində Azərbaycanın regional turizm sektoru geniş şəkildə təqdim olunur. Bütöv bir pavilyon ölkənin istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının ekspozisiyasına həsr edilib. Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovla söhbətimiz bu barədədir:
   
   
   - «AİTF-2010» sərgisi əvvəlki illərdən fərqli olaraq iki pavilyonda gerçəkləşəcək. Birincisi, ənənəvi beynəlxalq səyahətlər və turizm sərgisi, ikincisi isə Azərbaycanın daxili turizm sərgisidir. İlk dəfə olaraq bu sərgidə Azərbaycanın müxtəlif bölgələri üzrə 15 rayon və şəhər xüsusi stenddə təqdim olunur. Bu lövhələrdə hər bir rayon-şəhərin tarixi-mədəni dəyərləri, mövcud adət-ənənələri, turizm üçün maraqlı olan görüntüləri öz əksini tapıb.
   Daxili turizmin inkişafı bizim üçün prioritet məsələdir. Ölkə rəhbərliyinin həyata keçirdiyi dinamik sosial-iqtisadi siyasət, regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları turizm sektorunda da özünü göstərir. Bölgələrin əksəriyyətində yeni mehmanxanalar, turizm istirahət kompleksləri inşa edilir, tarixi-mədəniyyət abidələri bərpa edilir, rayonların ərazi-inkişaf planları hazırlanır, turizm üçün önəmli olan nəqliyyat infrastrukturu inkişaf edir. Bu inkişaf göstəriciləri bizə regionlarımızın turizm potensialını yüksək səviyyədə təqdim etməyə imkan verir. Təkcə turist yerləşdirmə obyektlərinin sayını artırmaq yox, eyni zamanda, xarici və yerli turistlərə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaq, turizm-informasiya mərkəzlərinin fəaliyyətini gücləndirmək qarşıda duran mühüm vəzifələrdir.
   - Azərbaycan daxili turizm marşrutlarının fəaliyyəti, turist cəlb etmək imkanları barədə nə demək olar?
   - Azərbaycanın müxtəlif bölgələri üzrə yeddi turizm marşrutu müəyyənləşib. Bunlar Abşeron, şimal, şimal-qərb, qərb, Dağlıq Qarabağ, Naxçıvan və cənub bölgəsi üzrə marşrutlardır. Bu marşrutlar üzərində hansı rayonlar turizm baxımdan daha çox perspektivlidirsə, həmin rayonları beynəlxalq səviyyədə təbliğ edirik. Bundan əlavə, Avropa Şurasının təcrübəsi çərçivəsində Azərbaycanda «Şərab yolu», «Aleksandr Düma Qafqazda», «Azərbaycanda alman məskənləri», «İpək yolu» turizm marşrutları layihələrini həyata keçiririk. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən «Azərbaycanın mədəniyyət paytaxtları» layihəsi çərçivəsində Qazax şəhərinin «Folklor paytaxtı», Gəncənin «Əfsanələr paytaxtı», Şəkinin «Sənətkarlıq paytaxtı» elan edilməsi bizə yeni marşrutlar, məsələn, xalça, Novruz, aşıq turist turları təşkil etməyə əsas verir.
   Bütün bu addımlar xarici turistlər üçün maraqlı və cəlbedici turizm məhsulu təqdim etməyə imkan yaradır. Təbii ki, yeni turizm marşrutları üzərində də iş gedir. Bu işdə bizə turizm şirkətləri, regional turizm-informasiya mərkəzləri də kömək edir. Onların hər hansı maraqlı təklifləri olanda bunu nəzərə alırıq. Çünki ümumilikdə bunların hamısı Azərbaycanda turizmin inkişafına xidmət edir.
   - Azərbaycanda turizmin əsasən hansı istiqamətləri inkişaf edib?
   - Hazırda Azərbaycanda turizmin prioritet təşkil edən növləri mədəni, konfrans, rekreasiya-müalicə, ov, ekoloji, kənd turizmidir. Bilirsiniz ki, indi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qusarda yay-qış turizm istirahət kompleksi tikilir ki, bu da ölkəmizdə yeni turizm növünün - qış turizminin inkişafı deməkdir. Bundan əlavə, qarşıda duran məsələlərdən biri turizm mövsümü müddətinin artırılmasıdır. Bu gün Azərbaycanda real olaraq turizm mövsümü 45-60 gün hesab edilir. Cəlbedici infrastruktur layihələri yaratmaqla turizm günlərinin sayını artırmaq, mərhələlərlə bu müddəti 150-160 günə çatdırmaq niyyətindəyik.
   - Azərbaycanın iqtisadi inkişaf göstəricilərində turizm sahəsi üzrə gəlir və xərclərin şəffaf hesablanması, dövlət büdcəsində turizmin payının dəqiq müəyyənləşməsi məqsədilə bu ildən etibarən Dünya Turizm Təşkilatının (DTT) Azərbaycanda müntəzəm seminar keçirəcəyi bildirilir. Həmin seminarlar nə vaxta planlaşdırılır?
   - Azərbaycan Dünya Turizm Təşkilatına üzv olduqdan sonra biz bu qurumla sıx əməkdaşlıq edirik. Azərbaycanda statistika işində əldə olunan nəticələrdə bu təşkilatın böyük rolu var. 2001-ci ildən turizm üzrə bütün rəqəmləri DTT-yə təqdim edirik, onlar da öz növbəsində turizm-hesabat kitabına daxil edirlər. Həmin kitabda dünya ölkələrinin turizm fəaliyyətinə dair statistika yer alır. Biz Dövlət Statistika Komitəsi ilə birgə bu hesablama işlərini təkmilləşdirmişik, müəyyən təhlillər aparmışıq. Artıq Statistika Komitəsi hər altı aydan bir ölkə üzrə hotellər üçün turizm müəssisələrinin fəaliyyəti ilə bağlı statistika nəşr etdirir.
   Bundan əlavə, ölkəmizdə ümumilikdə turizm sektorunun fəaliyyəti ilə bağlı geniş toplu çap olunur. Burada turizm günlərinin, gələnlərin, gecələmə yerlərinin, turizm obyektlərinin sayı, mülkiyyət formasına görə turistlərin hansı ölkələrdən gəlməsi, hansı bölgələrdə qalması kimi məsələlər öz əksini tapır. Bütün bu incəliklər bizə əsas verir ki, turizmlə bağlı daxili statistikanı daha əhatəli və dəqiq tərtib edək. Bu prosesdə digər ölkələrin təcrübəsindən yararlanmaq üçün DTT-nin ekspertlərini dəvət etmək qərarına gəlmişik. Həmin ekspertlərin iştirakı ilə sentyabr ayından başlayaraq Bakıda seminarlar keçiriləcək.
   - «Turizm haqqında» yeni qanun layihəsi üzərində iş nə yerdədir? Yeni qanunun qəbulu hansı zərurətdən irəli gəlib?
   - Hazırda qüvvədə olan «Turizm haqqında» qanunun əsasında, eləcə də «2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı» çərçivəsində biz müvafiq işlər görmüşük və bugünkü nəticələri əldə etmişik. Dünyada turizmin inkişaf tendensiyası elədir ki, zaman keçdikcə beynəlxalq turizm bazarına daha yüksək səviyyədə inteqrasiya olunmaq, dünya standartlarına uyğun turizm xidməti təşkil etmək, turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə uyğunlaşdırmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var. Turizm haqqında yeni qanun bizə imkan verəcək ki, bu sahədə daha geniş imkanları, effektli təsir vasitələrini işə salaq. Bu gün Azərbaycanda turizm xidməti infrastrukturunun genişləndirilməsi, turist yerləşdirmə obyektlərinin sayının artırılması, regionlarda turizmin daha sürətli inkişafı, turizm üçün yeni ərazilərin seçilməsi, yeni turizm növləri və istiqamətləri üzrə tədbirlərin görülməsi sahəsində çoxsaylı tədbirlər nəzərdə tutulur. Bu genişmiqyaslı işin səmərəli həyata keçirilməsi üçün turizm sahəsində qanunvericiliyin təkmilləşdirilməsi zəruridir. Bu baxımdan hesab edirəm ki, yeni qanun turizm sahəsində qarşıda duran mühüm vəzifələrin icrasına hüquqi əsas yaradacaq, bizə fəaliyyətimizdə əlavə imkanlar təmin edəcək.
   Qeyd edim ki, yeni qanun layihəsi üzərində iş davam edir. Bununla bağlı yaradılmış işçi qrupa müvafiq dövlət qurumlarının nümayəndələri daxildir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işçi qrupunun üzvləri ilə bir neçə dəfə görüş keçirib. Qanun layihəsinin ilkin variantı artıq təqdim edilib. Lazımi formatı tapmaq üçün müvafiq nazirliklərlə razılaşmalar əldə ediləcək. Çünki yeni qanun bütünlüklə Azərbaycan Respublikası qanunvericiliyi ilə uyğunlaşdırılmalıdır. Yeni qanunda turizmlə bağlı beynəlxalq normalar, turizmin inkişafı ilə bağlı ölkə rəhbərliyinin Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyduğu tapşırıqlar, Azərbaycanın beynəlxalq turizm bazarına daha səmərəli inteqrasiyası üçün zəruri olan fəaliyyət istiqamətləri və s. məsələlər əksini tapacaq.
   
   Fəxriyyə Abdullayeva