Buna nail olmaq üçün hansı işlər görülməlidir?
  
 
   “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan mühüm vəzifələrdən biri turizm sahəsində tanıtma və marketinq işi ilə bağlıdır. Ölkəmizdə tanıtım və marketinq tədbirlərinin həyata keçirilməsi barədə Azərbaycan Turizm İnstitutunun turizmdə menecment və marketinq kafedrasının müdiri Sənan Əliyevlə həmsöhbət olduq.
   
   Turizmin mahiyyətcə qlobal biznes olduğunu deyən S.Əliyev bildirdi ki, bu sahə sərhəd tanımır: «Turizmin dünya miqyasında tanıdılması tədbirləri ilə yanaşı, bu sahənin həm də ölkə miqyasında tanıdılması və təbliğat, təşviqat işinin həyata keçirilməsi çox mühümdür. Xüsusilə beynəlxalq bazarda rəqabətə davam gətirmək üçün, ilk növbədə, daxili bazarda uğur əldə etmək lazımdır. Bu baxımdan hazırda qarşımızda duran əsas məqamlardan biri - insanlarımızda turizm mədəniyyətini və turizm düşüncəsini formalaşdırmaqdır. Bu məqsədlə ölkə miqyasında geniş tədbirlərin həyata keçirilməsi və turizm maarifləndirmə mərkəzlərinin qurulması vacib önəm kəsb edir”.
   Mütəxəssisin sözlərinə görə, əgər biz turizmin inkişafını qeyri-neft sektorunun ən perspektivli istiqaməti kimi önə çəkiriksə, onda bu məqsədə müvafiq olaraq yüksək səviyyəli təbliğat və ya təşviqat mexanizmi də qurulmalıdır: «Xüsusilə iki əsas məqama diqqət yetirmək lazımdır. Birincisi, turizmin tanıdılmasında dövlət koordinator rolu oynamalı və buna paralel olaraq icraçı sektorlar da öz funksiyasını yerinə yetirməlidir. Amma burada başqa bir məqam da var ki, özəl sektor bu tanıtma tədbirlərində dövlətin maliyyə dəstəyinə ehtiyac duyacaq. Bu halda turizmdən əldə edilən gəlirlərin müəyyən hissəsi bu işə sərf olunmalı, o cümlədən ölkəmizin turizm imkanlarının beynəlxalq bazarlarda tanıdılmasında rolu olan ayrı-ayrı şirkətlərin fəaliyyətini stimullaşdırılmalıdır. Həmin şirkətlərə müəyyən güzəşt və yardımlar edilməli, bu məqsədlə xüsusi bir büdcə ayrılmalıdır”.
   Həmsöhbətimiz Azərbaycan turizm sənayesində marka yaradılmasına ehtiyac olduğunu bildirdi və qeyd etdi ki, dünya turizm bazarında yerimizi müəyyənləşdirmək üçün markalaşmanı təmin etməliyik: «Müxtəlif turizm regionları, ölkələri müəyyən brendə sahib olurlar. Məsələn, bu gün Paris moda dünyası, Misir piramidaları, Argentina tanqo rəqsi, İspaniya öküz yarışı, Hollandiya gül-çiçəyi ilə dünyada məşhurdur. Qeyd etdiyim ölkələrə məxsus olan bu əsas amillər insanların beynində iz buraxaraq, müəyyən bir imic formalaşdırır. Ölkəmizdə də bu yöndə işlərin görülməsi vacibdir».
   S.Əliyev deyir ki, bu gün boşluq hiss etdiyimiz sahələrdən biri də ölkəmizlə bağlı tanıtım filmlərinin az olmasıdır: «Azərbaycanın ayrı-ayrı regionları və yaxud da şəhərləri üçün tanıtım xarakterli CD-lər və filmlərin hazırlanması çox vacibdir. Amma bu tanıtım filmləri o qədər gözəl və mükəmməl hazırlanmalıdır ki, həmin filmə baxan insan özündə orda olmaq ehtiyacını hiss etsin. Ümumiyyətlə, turizm fəaliyyəti mahiyyət etibarilə o qədər geniş bir sahədir ki, bunu təkcə Mədəniyyət və Turizm Nazirliyinin işi ilə məhdudlaşdırmaq olmaz. Bu işdə bütün əlaqədar təşkilatlar fəal olmalıdırlar, hətta taksi sürücülərinin də turizm sahəsi üzrə maarifləndirilməsi vacibdir. Məsələn, Sinqapurda taksi sürücüləri ingilis dilini çox gözəl bilir, bu ölkəyə gələn hər hansı xarici vətəndaş taksi sürücüsü ilə ingilis dilində sərbəst ünsiyyət qurur».
   Müasir turizm sahəsində tanıtma üsullarına gəlincə, bu gün informasiya-kommunikasiya texnologiyaları çox böyük sürətlə inkişaf edir. Belə olan halda elektron marketinq, elektron tanıtım, elektron turizm, elektron ticarət kimi məsələlərə xüsusi diqqət yetirməliyik. Həmsöhbətimizin dediyinə görə, bununla paralel olaraq, xarici ölkələrdə turizm bürolarımızı da qurmaq lazımdır: «Bizə turist göndərən ölkələrin daha çox hansı kütləvi informasiya vasitələrindən istifadə etdiyini müəyyənləşdirib öz tanıtma tədbirlərimizi bu informasiya vasitələri üzərində qurmalıyıq. Xüsusilə də marketinqdə reklam, ictimaiyyətlə əlaqələr, informasiyanın ötürülməsi, yəni hər hansı turizm regionu haqqında geniş məlumatın verilməsi əsasdır».
   S.Əliyevin fikrincə, bu gün müxtəlif xarici ölkələrdə dövlət xətti ilə təhsil alan minlərlə tələbənin tanıtma işinə cəlb edilməsi çox faydalı olardı: «Bunun üçün mədəniyyətin imkanlarından - kinodan, musiqidən, bədii ədəbiyyatdan istifadə edərək ölkəmizin təbliğatını apara bilərik. Ötən il Beynəlxalq Muğam Müsabiqəsi çərçivəsində ölkəmizə çoxlu iştirakçılar gəldi ki, bu da Azərbaycanın tanıdılmasında müsbət addımlardan biridir. «Cəsur ürək» filmi Şotlandiyaya gələn turistlərin sayını 30 faiz artırıb. Den Braunun «Mələklər və şeytanlar» əsərində İtaliya o qədər ətraflı təsvir olunur ki, bu əsəri oxuyan insanlar istər-istəməz o yerləri görmək istəyir. Bu baxımdan biz də məşhur xarici yazıçını, sənət adamını, xarici jurnalistləri ölkəmizə dəvət etməli, onları vətənimiz haqqında məlumatlandırmalıyıq. Son nəticədə isə hansı təbliğat və təşviqat vasitəsini seçiriksə seçək, ölkəmizə gələn turistlərin Azərbaycandan məmnun qayıtmasını təmin etməliyik. Əgər turistlərin ölkəmizə təkrar gəlişinə nail olsaq, bu sahədə kifayət qədər uğur əldə etmiş sayılırıq».
   
   Fəxriyyə Abdullayeva