Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Almaniyanın qabaqcıl turizm şirkətləri və mətbuat nümayəndələri üçün vaxtaşırı info-tur və press-turlar təşkil edilir. Aprelin 28-30-da Bakıda keçirilmiş “AİTF-2010” 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ərəfəsində bu ölkənin tanınmış turizm şirkətləri və media nümayəndələrinin respublikamıza növbəti press-turu təşkil edilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, Azərbaycana səfər çərçivəsində almaniyalı qonaqlar Bakı, Şamaxı və Qəbələ ilə tanışlıqdan sonra mayın 1-də Şəki şəhərində olublar. Qonaqlar Şəkinin turizm potensialı ilə maraqlanıblar. Kiş kəndindəki qədim alban məbədini ziyarət edən tur iştirakçıları Şərq memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, habelə XIX əsrə aid tarix-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış olublar, yerli sənətkarların əl işlərinə baxıblar. Şəkinin görməli yerləri və tarixi abidələri ilə tanışlıq almaniyalı qonaqların böyük marağına səbəb olub. Onlar bu qədim diyarla turizm sahəsində əməkdaşlığın perspektivlərini yüksək qiymətləndiriblər.

 Fəxriyyə Abdullayeva