Mayın 1-də Bakıda Hindistanın turizm potensialına həsr olunmuş «Heyrətamiz Hindistan» adlı görüş keçirildi. Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Caqdiş Mina ölkəsi ilə Azərbaycan arasında əlaqələrin əsrlərlə tarixi olduğunu dedi: «Atəşgah məbədindəki yazılar göstərir ki, İpək Yolunu marşrut seçən hindistanlı tacirlərin Azərbaycanla ticarət əlaqələri olub».
   Mədəni əlaqələrin inkişafından danışan diplomat dedi ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi Hindistan şairi Əmir Xosrov Dəhləvinin yaradıcılığına böyük təsir göstərib. O, görkəmli Azərbaycan ifaçısı Rəşid Behbudovla hind rejissoru və aktyoru Rac Kapur arasında dostluq əlaqələrini də xatırlatdı.
    Hindistanda yay və qış turizmi üçün geniş imkanların olduğunu vurğulayan Hindistan Turizm İdarəsinin Frankfurtdakı ofisinin direktoru Mohammad Caved qeyd etdi ki, ümumillikdə bu ölkədə 5 min tanınmış turist məkanı var. Hindistana turist olaraq gələn insanların təxminən yarısı yenidən bu ölkəni ziyarət etmək istəyir.
   
   Fəxriyyə Abdullayeva