Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasına (MR) xaricdən gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb. Naxçıvan MR-in Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Güldəstə Babayevanın sözlərinə görə, muxtar respublikada fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi, “Şahbuz” Dövlət Təbiət Qoruğu və Zəngəzur Milli Parkı turistlərin ən çox sevdiyi məkandır.
   Naxçıvanda ekoloji turizmin inkişafı üçün tələb olunan şərait mövcuddur və bölgə tarix-mədəniyyət abidələri ilə tanınır. Burada 1165 tarixi abidə var. Müalicəvi mineral sulardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir. Bütün bunlar xarici turistlərin geniş marağına səbəb olur. Onlar əsasən İran İslam Respublikasından və Türkiyədən gələn turistlərdir.
   Şöbə müdiri bildirib ki, yaxın 2-3 ildə Naxçıvan MR-də turizmin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində iki yeni istirahət mərkəzi tikiləcək. Bölgədə fəaliyyət göstərən turizm mərkəzlərində bir günlük istirahətin qiyməti 10-15 manatdan 300-400 manatadək dəyişir. Bu qiymətə turistin qaldığı yerin şəraiti, yeməyi, əlavə müalicə xidmətləri, idmanla məşğul olmaq imkanı və digər xidmətlər daxildir. Naxçıvanda bütün sosial təbəqələrə xidmət göstərən istirahət mərkəzlərində demək olar ki, boş yerlər olmur. Naxçıvan MR-in turizm saytının hazırlanması işləri başa çatmaq üzrədir və may ayında sayt istifadəyə veriləcək. 
   
   Fəxriyyə Abdullayeva