Bu ilin I rübündə Masallı rayonunda qiymət endirimi nəticəsində turist axınının artımı müşahidə olunub. Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin mudiri Lətifə Mövsümovanın sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə rayona turist axınının artımı 30-40% təşkil edib: “Bu dövrdə xarici turistlərin Masallıya səyahətləri 60% artıb. Onların əksəriyyəti İran və Rusiyadan, eləcə də İngiltərə, Fransa və ABŞ-dan gəlirlər”.
   L.Mövsümova turistlərin yerləşdirmə qiymətlərinin 45%-dək endirilərək 30 manat təşkil etdiyini bildirib: “Hazırda turistlərin 1 günlük istirahəti xidmətin keyfiyyətindən və səviyyəsindən asılı olaraq 30 manatdan 200-300 manatadək dəyişir. Bu gün Masallıda 30-a yaxın istirahət zonası fəaliyyət göstərir. 2010-cu ildə bizim əsas fəaliyyət istiqamətimiz yeni müasir standartlara uyğun istirahət obyektlərinin tikilməsidir ki, turistlərin yerləşdirilmə yerlərini artıraraq qiymətlərdə endirimlər tətbiq edə bilək”.
   
   Fəxriyyə Abdullayeva