Mayın 12-də Türkmənistanın Azərbaycandakı səfirliyi “Avaza” Milli Turizm Zonasının təqdimatını keçirib. Milli Məclisin deputatları, turizm şirkətlərinin rəhbərləri, iş adamları və jurnalistlərin iştirak etdiyi tədbirdə səfir Annaməmməd Məmmədov bildirib ki, “Avaza”nın yaradılması barədə qərar Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən 2007-ci ilin iyulunda imzalanıb.    

    Diplomat deyib ki, turizm zonasının yaradılması üçün Xəzər sahili boyunca 5 min hektar sahə ayrılıb: «Layihəyə əsasən, “Avaza” Milli Turizm Zonası üç mərhələdə inşa olunacaq. Birinci mərhələdə 750 hektar ərazidə inşa ediləcək obyektlər 30 min turisti eyni vaxtda qəbul edə biləcək. İkinci və üçüncü mərhələlərdə isə 500 hektar ərazidə 25 min turistin dincəlməsi üçün obyektlərin tikilməsi nəzərdə tutulur. Layihə sona çatdıqdan sonra “Avaza” Milli Turizm Zonasının eyni vaxtda 80 min qonağı qəbul etmək imkanı olacaq».
   Səfirin sözlərinə görə, zona ətrafında mikroiqlim yaratmaq məqsədilə 1300 hektar ərazidə meşə salınır. Artıq 365 hektar yaşıllaşdırılıb: «Avaza» Milli Turizm Zonasında uzunluğu 7 kilometr, eni 50-120 metr olan süni çay da yaradılıb. Çayın üzərində avtomobil və piyada körpüləri salınıb. Süni çayın hər iki tərəfində obyektlər - restoran, kafe və barlar inşa edilib. Çaydan əlavə 6 göl və 11 çimərlik də yaradılıb. Çay üzərində gəmilər, o cümlədən yaxtalar hərəkət edə bilir. Xəzərdən çaya giriş və çıxış şlüzlər vasitəsilə həyata keçirilir. Qonaqları qəbul edəcək beynəlxalq hava limanı da artıq istifadəyə verilib».
   Diplomat bildirib ki, 2010-2011-ci illərdə turizm zonasının inşasına 23,6 milyard dollar ayrılıb. Turizm zonası artıq bir ildir ki, qonaqları qəbul etməyə başlayıb. Səfir xarici sərmayədarları “Avaza” Milli Turizm Zonasına sərmayə qoymağa dəvət edib.

  Fəxriyyə Abdullayeva