Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) 2010-cu ildə Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün İtaliyanın Genuya, İsveçrənin Cenevrə və Bakını mərkəz şəhərlər elan edib.
   Əlamətdar gün münasibətilə BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Kristof Buvye Azərbaycana gəlib.
   Qonaq iyunun 3-də Zığ - Heydər Əliyev adına Beynəlxalq hava limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində keçirilən kütləvi ağacəkmə kampaniyasına qoşulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da iştirak ediblər. Ərazidə zeytun, şam, sərv və tuya ağacları əkilib.
   Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, ölkəmizdə ekologiyanın qorunması sahəsinə dövlət tərəfindən diqqət və qayğı göstərilir. 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması bunun bariz nümunəsidir. Bu il respublikada 8 milyona yaxın, o cümlədən Abşeron yarımadasında 1,6 milyon ağac əkilib. “Ekologiya ili” çərçivəsində neftlə çirklənmiş torpaqları və çirkab suların təmizlənməsi, bərk tullantıların idarə edilməsi sahəsində bir sıra böyük layihələr həyata keçirilir.
   Qeyd edək ki, tədbirdə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tərəfindən jurnalistlər arasında ekoloji mövzuda təşkil olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb.