İyunun 10-dan 12-dək Bakıda Mədəniyyət və Turizm və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları” mövzusunda Beynəlxalq Ekoregion Konfransı keçiriləcək.
   Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumatda bildirilir ki, tədbirdə Azərbaycanın milli parklarının ekoturizm potensialı, cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə, milli parklarda ekoturizm fəaliyyətinin tənzimlənməsi, müasir dövrdə davamlı turizmin (turbiznesin) inkişafında ekoturizmin rolu, Azərbaycanın Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursu, Şirvan Milli Parkı ərazisində davamlı ekoturizm fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri, Zaqatala rayonunda ekoturizmin inkişaf perspektivləri kimi məsələlər müzakirə olunacaq. Eyni zamanda tədbir iştirakçılarına konkret bir ekoturizm məhsulu təqdim ediləcək.
   Tədbirin sonuncu günü - iyunun 12-də iştirakçılar üçün Şirvan Milli Parkına ekskursiya təşkil olunacaq.