Hər bir turist səyahət etdiyi ölkənin təbii gözəlliyi, görməli yerləri, mədəniyyəti, qədim abidələri ilə yanaşı, milli mətbəxiylə də maraqlanır. Bir çox turistlər səfər etdikləri ölkələrdə istirahət şəraitini gözdən keçirərkən bu məsələyə xüsusi diqqət verirlər. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq, dünya üzrə turistlərin hansı ölkələrin mətbəxi ilə daha çox maraqlanması, hansı yeməklərə üstünlük verməsi barədə yazı hazırlamaq qərarına gəldik.
   
   
   Yunanıstanda balıq məhsulları dəbdədir
   
   Yunanıstan turizm cəhətdən inkişaf etmiş ölkədir. Qədim tarixə malik olması, dəniz sahilində yerləşməsi bu ölkəni turizm baxımından çox əlverişli edir. Yunanıstanın mətbəxi də zəngindir. Yunan yeməklərinin hazırlanması sadə, görünüşü rəngarəngdir. Yerləşdiyi coğrafiyaya görə bu ölkənin mətbəxi özündə bir çox başqa ölkələrin mətbəx sirlərini birləşdirir. Buna görə də yunan mətbəxində seçim imkanı çox genişdir. Turistlər bu ölkədə ərəb, türk və italyan mətbəxinin nümunələrini dada bilərlər. Digər Aralıq dənizi ölkələrində olduğu kimi, Yunanıstanda da yeməklərdə dəniz məhsullarına, xüsusilə balığa böyük yer verilir. Balıq yeməkləri müxtəlif formalarda hazırlanır və süfrəyə verilir: isti halda, soyuq, qızardılmış, qaynadılmış, farş formasında, eləcə də digər yeməklərin qarniri kimi duzlu, hisə verilmiş və konservləşdirilmiş halda.
   Yunan mətbəxində makaron məmulatları, təzə tərəvəz və meyvələr, zeytun da geniş işlənir. Yunanlar tərəvəz yeməklərinə də böyük dəyər verirlər. Bunlardan ən çox istifadə olunanı badımcan, balqabaq, pomidor, soğan, şirin istiot, zeytun yağı ilə hazırlanan yaşıl lobya, bişmiş tərəvəzlərdən hazırlanan salatlardır. Ən məşhur yemək isə konservləşdirilmiş və ya təzə üzüm yarpağına bükülmüş farşdı, onun üzərinə çalınmış yumurta və limon şirəsindən ibarət olan sous əlavə olunur.
   Turistlərin yunan mətbəxində xoşladığı məşhur yeməklər sırasına souslar da aiddir. Balığın tərəvəzlə hazırlanması, yoqurtdan, xiyardan və sarımsaqdan hazırlanan souslar və tərkibində balıq ikrası olan souslar dünyada tanınan məşhur souslardır. Bundan əlavə, qoyun ətinin qrildə və sobada hazırlanması, qarnir kimi kartofla süfrəyə verilməsi ölkəyə gələn turistlərin sevdiyi yeməklərdəndir. Eyni zamanda «stifado» (ət soğan sousu ilə) yeməyi də ölkə restoranlarında çox sifariş olunur. Desert kimi isə ən çox meyvələrdən (qarpız, yemiş, şaftalı, ərik, üzüm), qozlu ruletlər, paxlavalar və ballı yoqurtdan istifadə edilir.
   
   Misirlilərin əksəriyyəti vegeteriandır
   
   Öncə maraqlı bir faktı qeyd edək ki, müasir misirlilərin əksəriyyəti vegeteriandır, yəni ət yeməyini sevmirlər. Onlar səhər, günorta və axşam ancaq tərəvəz məhsullarına üstünlük verirlər. Burada çoxsaylı küncütlü qəlyanaltılar: badımcan, küncüt və sarımsaqdan hazırlanan püre, badımcan əzilmiş sarımsaqla, eyni zamanda pomidor və pendirdən ibarət olan istiotlu salat, rənglərlə bəzədilmiş turş-duzlu tərəvəzlər (soğan, kök və yaxud zeytun limonla) əcnəbi qonaqların zövqünü oxşayır.
   Bu ölkəyə gələn turistlər Qahirə qülləsində yerləşən restoranda yemək yeməyə xüsusi maraq göstərirlər. Buradan bütün şəhər sanki ovuc içində görünür. Mağazalarda alış-veriş etmək və Şərq mətbəxi ilə tanış olmaq üçün axşamlar ən yaxşı vaxt hesab olunur. Şam yeməyini yolüstü kafelərdə, «üzən» restoranlarda etmək olar. Bir sözlə, kimin cibi nəyə imkan verir. Ay işığında Misir mətbəxinin ləziz yeməklərini dadmaq və ərəb musiqisini dinləmək ölkəyə gələn turistlərin yaddaşında silinməyən iz buraxır.
   
   Yaponiya mətbəxi ən sağlam mətbəxdir
   
   Mütəxəssislər ən sağlam mətbəxə malik 10 ölkənin sırasında birinci yeri Yaponiya mətbəxinə verirlər. Araşdırmalar göstərir ki, bu ölkədə piylənmədən əhalinin cəmi 1,5 faizi əziyyət çəkir və Yaponiyada orta yaş həddi 82-dir. Burada milli mətbəxə, demək olar ki, bütün növ tərəvəzlər daxildir. Elə bu səbəbdən də yapon mətbəxinə xüsusilə avropalı turistlər daha çox üstünlük veririlər.
   Sağlam mətbəxlərin sıralamasında ikinci pilləyə Sinqapur mətbəxi layiq görülür. Yaponiyada olduğu kimi, burada da əhalinin orta yaş həddi 82-dir. Piylənmədən əziyyət çəkənlər isə cəmi 1,8 faiz təşkil edir. Sinqapurlular daha çox düyü, tərəvəz və balığa üstünlük verir. Burada çox nadir hallarda ət yeyilir.
   Sıralamada üçüncü yeri Çin tutur. Yeməklərinin üçdə ikisi tərəvəz, meyvə, paxla və ya digər dənli bitkilərdən hazırlanan ölkə mətbəxi insanların orta yaş həddinin 73-dən yuxarı olmasına imkan verir. Piylənmədən cəmi 1,8 faiz çinli əziyyət çəkir. Reytinqdə 4-cü yeri İsveç, 5-ci pilləni isə Fransa tutur. Onluğa daxil olmuş digər ölkələr İtaliya, İspaniya, Yunanıstan, İsrail və hər iki Koreyadır.
   
   Xaricilər Azərbaycan mətbəxini çox sevirlər
   
   Qeyd edək ki, Azərbaycanın hər bir regionunun özünəməxsus mətbəxi var. Ölkəmizə gələn turistlər mətbəximizlə bağlı yüksək təəssüratla qayıdırlar. Əcnəbi turistlər Azərbaycan mətbəxində plova xüsusi maraq göstərirlər. Əcnəbilərin yeməklərimizə bu marağı nəticəsində daha çox turist gələn rayonlarda kulinariya muzeyinin yaradılması nəzərdə tutulur. Artıq Qəbələdə belə bir muzeyin əsası da qoyulub. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova qəzetimizə açıqlamasında bildirib ki, bu işdə onlara Milli Kulinariya Mərkəzi də kömək edəcək.
   
   Fəxriyyə Abdullayeva