Bu məbləğdə qardaş ölkəyə səfər edən çoxsaylı azərbaycanlı turistlərin də payı var
   
   Dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri Türkiyədir. Bu ölkənin illik büdcəsinin 4 faizi turizm sahəsindən əldə etdiyi gəlir hesabına formalaşır, 2009-cu ildə turizmdən əldə olunan gəlir 26 milyard dollar təşkil edib. Türkiyədə dövlət və özəl sektor bu sahədə müştərək işləyir. Ölkənin Mədəniyyət və Turizm Nazirliyi turizm sektorunun 2023-cü ilədək olan dövr üçün inkişaf konsepsiyasını qəbul edib. Konsepsiyanın əsas məqsədi ölkənin turizm kurortlarının rentabelliyini artırmaq, onları dünyada daha geniş miqyasda tanıtmaq və turizm biznesinin daha yüksək inkişafına nail olmaqdır. Bu məqsədlə hədəf olaraq 2023-cü ilin seçilməsi isə təsadüfi deyil - həmin il Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq.
   
   Türkiyədə bütün növlər üzrə kurortlar var
   
   Türkiyə turizm biznesi Avropa, Amerika və digər ölkələrdən olan varlı müştərilərinə lüks şəraitli, bahalı istirahəti tam təmin edir. Eyni zamanda, son illərdə burada Rusiya, Ukrayna və digər MDB ölkələrindən olan orta təbəqə müştərilərinə hesablanmış nisbətən ucuz və güzəştli turizm obyektləri geniş yayılıb.
   Ümumiyyətlə, Türkiyədə bütün növlər üzrə kurortlar, istirahət mərkəzləri var. Dəniz sahilinə yaxın ərazilərdə sənaye müəssisələrinə rast gəlinmir. Ölkənin ən populyar kurortları Aralıq dənizi sahillərindədir. Antalya burada əsas yeri tutur. Burada 2, 3, 4 və 5 ulduzlu olmaqla 120-dək hotel fəaliyyət göstərir. Antalya daha çox yaxta gəzintiləri, Sidə, Likiya və digər qədim şəhərlərə, Düdən, Kurşunlu şəlalələrinə təşkil edilən ekskursiyaları ilə məşhurdur. Təkcə bu ilin 6 ayında Antalyaya 3,8 milyon turist gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. İlin sonunadək Antalyaya gələn turistlərin 10 milyon nəfərə çatacağı proqnozlaşdırılır.
   Bölgədəki digər məşhur turizm mərkəzi olan Kəmər dağlarla dəniz arasında yerləşir. Dağlar küləkdən qoruyur, dəniz isə iqlimi yumşaldır. Kəmərdə 350-dək hotel fəaliyyət göstərir.
   Bələk isə evkalipt, küknar və şam meşələri, zəngin flora və faunası ilə turistləri özünə cəlb edir. Bura ölkənin qolf mərkəzi və Aralıq dənizi sahillərində ən bahalı kurortudur. Burada 100-dən yuxarı hotel var.
   
   Bodrum Türkiyənin gecə həyatının simvoludur
   
   Türkiyənin Egey dənizi sahilində ən çox turist cəlb edən kurortu isə Bodrumdur. Serfinq, dayvinq və digər su idman növləri ilə məşğul olanlar üçün Bodrum ən əlverişli istirahət yeridir. Burada 200-dən çox hotel tərəfindən salınan çimərliklər süni beton platformaların üzərinə tökülmüş qumluqlardan ibarətdir. Əsasən təmiz və yaşıl təbiəti ilə tanınan Quşadasında isə süni qumluqların yaradılmasına ehtiyac yoxdur - ərazi narın qumluqları ilə diqqəti cəlb edir. Burada 80-dək hotel müştərilərə xidmət göstərir.
   Pamukkala isə müalicəvi əhəmiyyətli kurortlardandır.
   Türkiyəni turizm baxımından əlverişli edən ilk növbədə onun iqlimidir. Subtropik Aralıq dənizi iqlimi yayda 23-33 dərəcə, qışda isə 13-15 dərəcə istini təmin edir. Bu baxımdan Türkiyədə yaz və payızda (aprel-oktyabr ayları) turizm baxımından daha əlverişli dövr sayılır. Ölkə dörd dənizlə əhatə olunub - Qara, Mərmərə, Aralıq və Egey dənizləri. Elə ölkənin ən tanınmış istirahət mərkəzləri də məhz bu dənizlərin sahillərində yerləşir.
   Yaz-payız dövrünə hesablanmış çimərlik kurortlarıyla yanaşı, Türkiyə son vaxtlar dağ turizmini də geniş inkişaf etdirir. Uludağ və Palandökən bu baxımdan daha çox tanınıb. Dağ-xizək turizm mövsümü dekabr-mart aylarında 120-150 günü əhatə edir. Uludağda uşaqların da sürüşməsinə imkan verən Uludağ istirahət mərkəzləri ailəvi istirahət etmək istəyənlər üçün əlverişli imkan yaradırlar.
   
   Azərbaycanlı turistlər Türkiyəyə üstünlük verirlər
   
   2010-cu ildə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan Türkiyənin müxtəlif istirahət guşələrində dincəlməyə gedənlərin sayı artıb. Bu barədə Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət müşavirliyindən qəzetimizə daxil olan məlumatda bildirilir.
   Bu ilin yanvar-aprel ayları ərzində turist kimi bu ölkəyə səfər edən həmvətənlərimizin sayı 120 min nəfərdən çox olub ki, bu da ötən ilin həmin dövrünə nisbətən 2,8 faiz artım deməkdir. May ayından başlayaraq Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayında daha da artım müşahidə olunub. Belə ki, mayda aprelə nisbətən 5,2 faiz artım olub.
   
   Fəxriyyə Abdullayeva