Son illərdə postsovet ölkələrində də turizmin artım dinamikasında yüksəliş var. Lakin bunu həmin ölkələrin dünya turizminin tələblərinə cavab verəcək səviyyəyə qalxması üçün yetərli saymaq olmaz.
   
   Dünya İqtisadi Forumu bugünlərdə dünya ölkələrinin turizm sahəsində inkişaf və rəqabətə davamlılığını müəyyənləşdirən hesabatını açıqlayıb. Hesabat hazırlanarkən ölkələr turizm, ekologiya, təhlükəsizlik, səhiyyə və gigiyena sahəsindəki qanunvericiliyin vəziyyəti; turizm biznesi şərtləri və infrastrukturun vəziyyəti; insan, mədəni və təbii resursların turizm sektoruna cəlbi səviyyəsi parametrləri üzrə qiymətləndirilib. MDB ölkələrindən bu siyahıda heç əlliliyə düşən yoxdur. Məlumat üçün bildirək ki, siyahıda ilk 3 yeri İsveçrə, Avstriya və Almaniya tutub.
   Konkret ölkələrə gəlincə, son iki ildə Rusiyadan xaricə gedən turistlərin sayı hər il 13-15 faiz artıb. 2010-cu il ərzində 16 milyon rus turistin xarici ölkələrə səfər etməsi gözlənilir. Rusların ən çox getdikləri ölkə Türkiyədir. Ötən il burada 2,5 milyona yaxın rusiyalı turist dincəlib. Ruslar arasında populyarlığına görə ikinci yeri Çin tutur - keçən il 1,7 milyon nəfərə yaxın rus bu ölkəyə gedib. Üçüncü yerdə olan Misirə isə 1,3 milyon nəfər üz tutub. 2009-cu ildə Ukraynaya 26 milyon turist səfər edib. 2012-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsinin Ukrayna üçün turizmin inkişafı baxımından əlverişli imkan yaradacağı gözlənilir. Belarus isə 6,3 milyon nəfəri qəbul edib. Bu rəqəmin 7,5 milyon nəfərə çatdırılması planlaşdırılır.
   Qazaxıstan hökuməti isə qarşısına ölkəni turizm üzrə rəqabət qabiliyyətli 30 ölkə sırasına çıxarmaq planı qoyub. Qəbul olunmuş dövlət proqramında iki istiqamət seçilib - “Böyük İpək Yolu boyu turizmin inkişafı” və “Xəzər dənizi sahillərində çimərlik və kruiz turizminin inkişafı”.
   Cənubi Qafqazdakı qonşularımıza gəlincə, 2009-cu ildə Gürcüstana 1 milyon 52 min turist gəlib. Xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış inkişaf planına əsasən, 2015-ci ildə onların sayının 2,5 milyona çatdırılması nəzərdə tutulur.

  Fəxriyyə Abdullayeva