Gələcəkdə Bakıda üçulduzlu hotellərin sayının artırılması nəzərdə tutulur
   
   Son iki ildə ən çox dəstəklənən turizm istiqamətlərindən biri də kənd yaşıl turizmidir. Azərbaycanda bu sahədə xeyli potensial imkanlar var. Bu barədə mətbuata açıqlamasında nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib. Onun sözlərinə görə, artıq bu istiqamətdə bəzi QHT-lərlə birlikdə bir sıra layihələr həyata keçirilir, rayonlarda bunun üçün evlər seçilib icarəsi təşkil olunur. Nazirlik rəsmisi Quba, Qusar, Xaçmaz və Masallı rayonlarında belə layihələrin həyata keçirildiyini deyib: «Bu regionlarda lazımi evlər seçilir və onun sahibi ilə müqavilə bağlanır. Layihəni gerçəkləşdirən QHT tərəfindən həmin evin təmiri və digər məsələlər qaydaya salınaraq turistlərə icarəyə verilir».
   A.İsmiyev bildirib ki, icarəyə verilən evin yanında onun sahibinin məskunlaşması da təmin olunur. Nazirlik təmsilçisinin sözlərinə görə, ümumilikdə bu sahənin inkişafı bu il turistlərin Azərbaycana cəlb olunmasında xeyli rol oynayıb: «Bizim hazırkı təxmini təhlillərimizə görə, bu il Azərbaycana gələn turistlərin sayında nəzərə çarpacaq artım var. Konkret rəqəmlər ilin sonunda bəlli olacaq. Amma indidən deyə bilərik ki, ölkəyə gələn turistlərin sayında təxminən 10-13 faiz artım var. İlin sonuna kimi bu rəqəm arta da bilər. Bunun üçün turizmdə müxtəlif sahələrin inkişafını sürətləndirmək lazımdır və hazırda bizim işimiz də bundan ibarətdir».
   A.İsmiyev açıqlamasında onu da bildirib ki, Bakıda üçulduzlu hotellərin azlığı hiss olunur: «Əslində turizm potensialının inkişafında belə hotellərin daha çox olması vacibdir. Çünki turistlər arasında əsasən orta təminatlı insanlar çoxluq təşkil edir. Bu baxımdan gələcək planlarımızda üçulduzlu hotellərin sayının artırılması nəzərdə tutulur. Amma onu da unutmayaq ki, biz konkret hotel tikmirik. Bunları xarici və yerli iş adamları həyata keçirir. Buna baxmayaraq, həmin iş adamları ilə olan gorüşlərimizdə və əməkdaşlığımızda çalışacağıq bu sahəyə üstünlük verilsin. Əsasən də xarici sahibkarları buna inandırmaq lazımdır. Çünki statistikaya nəzər saldıqda məlum olur ki, hazırda ölkədə elə orta təbəqəli turistlərə yaradılan xidmətdən daha çox mənfəət əldə olunur».
   
   Fəxriyyə Abdullayeva