Mədəniyyət və Turizm Nazirliyi 27 sentyabr - Dünya Turizm Günü ilə bağlı layihə həyata keçirir
   
   Sentyabrın 3-dən 5-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” adlı layihə həyata keçiriləcək.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun əməkdaşı Cəfər Qarayevin verdiyi məlumata görə, layihə 27 sentyabr - Dünya Turizm Günü ilə bağlı keçiriləcək silsilə tədbirlərdən biridir. C.Qarayev qeyd edib ki, Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd edilir.
   “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən, ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə həyata keçiriləcək turizm layihəsi çərçivəsində Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutu həyata keçiriləcək.
   C.Qarayevin sözlərinə görə, son illər Azərbaycanın turizm sahəsində imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilir.
   “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” adı altında keçiriləcək layihədə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycan off-roader’s (4x4) klubunun üzvləri, eləcə də daxili turizmlə məşğul olan turizm şirkətlərindən 40-a yaxın nümayəndə iştirak edəcək.  

   Fəxriyyə Abdullayeva