Bu il ali məktəbə iki yeni ixtisas üzrə tələbə qəbul olunub
   
   «2010-2011-ci tədris ili Turizm İnstitutunun həyatında yeni mərhələnin başlanğıcı olacaq. Dörd il əvvəl 200 tələbə ilə ölkənin ali təhsil ocaqlarının sırasına qoşulan institut turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir». Bunu qəzetimizə açıqlamasında ATİ-nin mətbuat xidmətinin rəhbəri Sədaqət Turabova bildirib. Onun sözlərinə görə, institutun builki 74 məzunundan əksəriyyəti ixtisaslarına uyğun işlə təmin olunub. Dörd illik bakalavr pilləsində fərqlənən tələbələrdən bir qismi isə Elmi Şuranın qərarı ilə institutda saxlanılıb: «2006-2007-ci tədris ilində 3 ixtisas üzrə tələbə qəbul edən Turizm İnstitutu hazırda 11 ixtisas üzrə kadr hazırlığını uğurla yerinə yetirmək imkanına malikdir. Onu da qeyd edim ki, bu ixtisaslardan ikisinə - beynəlxalq münasibətlər və qida mühəndisliyi üzrə tələbə qəbuluna bu ildən start verilib. Bu il eyni zamanda institutda ingils dili və iqtisadiyyat kafedraları da yaradılıb».
   S.Turabova onu da bildirdi ki, bu il 320 nəfər Turizm İnstitutunun tələbəsi adını qazanıb: «İnstitutun tələbəsi olmaq sevincini yaşayanlardan 16 nəfər 600-dən yuxarı, 63 nəfər 550-599, 35 nəfər 500-549, 47 nəfəri isə 449-500 keçid balı toplayıb».
   Qeyd edək ki, Turizm İnstitutunun tədris ilinin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edəcək. Nazir yüksək bal toplamış tələbələrə ATİ-nin tələbə biletini təntənəli surətdə təqdim edəcək.