Sentyabrın 29-dan oktyabrın 1-dək Almaniya Akademik Mübadilə Xidməti Təşkilatının (DAAD) dəstəyi ilə Gürcüstanda “Ali təhsildə keyfiyyətin təmini və Bolonya prosesi” mövzusunda regional konfrans keçirilib. Azərbaycan Turizm İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Dövlət Aqrar Universiteti, «Tempus»un Azərbaycan Ofisi, Təhsil Nazirliyinin əməkdaşları konfransın işində yaxından iştirak ediblər.
   ATİ-nin Turizm işinin təşkili və idarə edilməsi fakültəsinin dekanı Nəsir Nəsirli qəzetimizə açıqlamasında bildirdi ki, Bolonya prosesinin tələblərinə uyğun ortaq məxrəcə gəlmək üçün müəyyən işlərin həyata keçirilməsinin təmini istiqamətində müəyyən işlərin görülməsi seminarın işində əsas müzakirə olunan məsələlərdən idi: «Konfrans çərçivəsində 3 işçi qrupda müzakirələr aparıldı, Bolonya prosesinin tələblərini tətbiq etmək istiqamətində təcrübə mübadiləsi, uğurlar və meydana çıxan çətinliklər diqqətə alındı. Əsas elementlərin Bolonya prosesinə uyğunlaşdırılması ilə Gürcüstan ali təhsil sistemini təkmilləşdirmək istiqamətində həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gürcüstanda Bolonyanın fəaliyyət istiqamətlərinin tətbiqi üçün bazanın gücləndirilməsi” adlı layihə haqqında da tədbir iştirakçılarına geniş məlumat verildi». 
   
   Fəxriyyə Abdullayeva