Bu ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 39 vahid artaraq 477-yə, onlarda olan nömrələrin (otaqların) sayı 1166 vahid artaraq 14629-a, birdəfəlik tutumu isə 2532 vahid artaraq 31996-a çatıb.
   
   Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müəssisələrin 87,8%-i xüsusi, 9,2%-i dövlət, 2,5%-i xarici, 0,5%-i birgə (xarici qarışıq) mülkiyyət növünə məxsus olub.
   Mehmanxana və mehmanxana tipli müəssisələrin 139-u Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Naftalan və Şirvan şəhərlərində, 22-si Naxçıvan Muxtar Respublikasında, 49-u Xaçmaz, 33-ü Masallı, 24-ü Şamaxı, 27-si Quba, 16-sı İsmayıllı, 15-i Şəki, 12-si Lənkəran, 11-i Zaqatala, 129-u isə ölkənin digər rayonlarında fəaliyyət göstərib.
   Hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələr 48,5 mln. manat məbləğində gəlir əldə edib ki, gəlirin 66%-i nömrələrin satışından, 21,9%-i içkilər də daxil edilməklə qida məhsullarının satışından, 4,8%-i müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 7,3%-i isə digər pullu xidmətlərdən əldə edilib. İstismardan əldə olunan gəlirin 44,7%-ni xarici mülkiyyətə, 33,1%-ni xüsusi mülkiyyətə, 17,1%-ni birgə (xarici qarışıq) mülkiyyətə, 5,1%-ni dövlət mülkiyyətinə məxsus müəssisələrin gəlirləri təşkil edib.
   Cari ilin birinci yarısında mehmanxana və mehmanxana tipli müəssisələrin istismar xərcləri 29,2 mln. manat olub ki, xərclərinin 14%-ni maddi məsrəflər, 4,3%-ni qeyri-maddi məsrəflər, 27,2%-ni əməkhaqqına çəkilən xərclər, 7,9%-ni əsas fondların amortizasiyası, 4,3%-ni bütün sığortalar üzrə sosial ayırmalar, 42,3%-ni isə digər xərclər təşkil edib.
   Altı ay ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə 195,2 min nəfər yerləşdirilib ki, onların 86,8 min nəfəri (44,5%) ölkə vətəndaşları, 108,4 min nəfəri (55,5%) xarici ölkə vətəndaşları olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin ümumi sayı 11,6%, o cümlədən ölkə vətəndaşlarının sayı 10,2%, əcnəbilərin sayı isə 12,8% artıb.
   Hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta siyahı sayı 1,2% artaraq 5131 nəfər olub. Bir işçinin orta aylıq əməkhaqqının məbləği 50 manat artaraq 258 manat təşkil edib.

   Fəxriyyə Abdullayeva