«Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubu Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə ölkəmizdə turizmin təbliği məqsədilə yeni bir layihə reallaşdıracaq. Bu barədə qəzetimizə «Skal Bakı» klubunun rəhbəri Ruslan Quliyev məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində noyabrın 23-dən başlayaraq gündəlik şəhər turları həyata keçiriləcək. Hər gün saat 12-də başlayacaq turlarda arzu edən hər bir şəxs, o cümlədən şəhərimizin qonaqları iştirak edə bilər. Klub rəhbəri bildirdi ki, bu cür turlar dünya təcrübəsində geniş yayılıb. İndiyə qədər Paris, Dubay və digər şəhərlərdə belə təcrübə tətbiq edilib. Turlarda iştirak kart sistemi ilə mümkün olacaq. Buraya mehmanxanalar, restoranlar, nəqliyyat qovşaqları əməkdaşları cəlb olunacaq.
   R.Quliyev onu da bildirdi ki, «Skal Bakı»nın üzvləri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun bölgələrdə fəaliyyət göstərən QHT-resurs mərkəzləri və turizm informasiya mərkəzləri ilə bərabər bölgələrə səfərlər də edir. Klub ictimai təşkilat kimi Milli QHT Forumuna da daxil olub. Sonuncu səfər oktyabrın 23-də Quba rayonuna olub. Orada 50 nəfərə yaxın tələbə-gənclərlə baş tutan görüşdə turizmin əhəmiyyəti, bölgədə yeni marşrutların kəşf edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Növbəti səfərlər Qərb rayonlarına olacaq. 
   

    Fəxriyyə Abdullayeva