Bu sahədə Türkiyənin geniş təcrübəsindən də yararlanmaq olar
   
   Azərbaycan xalqı dünyada zəngin mədəniyyəti ilə bərabər, zəngin mətbəxi ilə də tanınır. Azərbaycan mətbəxində hazırda 2000-ə yaxın xörək növü məlumdur. Milli mətbəximizin bu zənginliyindən istifadə etməklə biz ölkəmizə çoxlu sayda turist cəlb edə bilərik. Mütəxəssislərin fikrincə, bu sahədə qonşu Türkiyənin təcrübəsindən istifadə etmək yaxşı olardı. Büdcəsinin formalaşmasında turizm gəlirləri önəmli rol oynayan qardaş ölkədə bu sahədə çalışan insanlar öz milli mətbəxlərini nümayiş etdirmək üçün əllərinə düşən hər fürsətdən yararlanırlar. Türkiyədə hətta peşəkar aşpaz hazırlamaq üçün ali məktəb də fəaliyyət göstərir.
       
   Bu günlərdə ölkəmizdə səfərdə olan İstanbul Kulinariya İnstitutunun rektoru Fəhmi Samancı ilə həmsöhbət olduq. O bildirdi ki, rəhbərlik etdiyi institut türk mətbəxini araşdırmaq, tanıtmaq, bu sahədə kadrlar hazırlamaq məqsədilə yaradılmış təhsil və istehsalat mərkəzidir: «Türkiyə hər zaman dünyadakı rəngarəng yemək və içmək mədəniyyətləri ilə əlaqədar həvəskar kurslara, film nümayişinə, seminar və sərgi kimi tədbirlərə ev sahibliyi edir. Bizim təhsil mərkəzi bu mövzularda müntəzəm olaraq həm bülleten nəşr edir, həm də əlaqədar nəşrləri dəstəkləyir. Bugünkü türk mətbəxi Osmanlı imperatorluğunun Balkanlardan Orta Şərqə qədər yayılmış çox müxtəlif yemək və içmək mədəniyyətlərinin şanslı bir varisidir. Bu səbəbdən də institutumuz bu geniş coğrafiyanın zəngin ənənələrindən yararlanaraq türk mətbəxini dünyaya təqdim edir”.
   F.Samancı bildirdi ki, İstanbul Kulinariya İnstitutu mənzərəli, möhtəşəm və müasir bir binada yerləşir. İnstitutun nəzdində restoran da olduğunu deyən həmsöhbətimiz bildirdi ki, burada mövsümə uyğun türk və Aralıq dənizi yeməkləri təqdim edilir: «İnstitutda insanlara xidmət göstərən restoran tələbələrin professional olaraq həyata keçirdikləri ən son mətbəx ləvazimatları ilə bəzədilib. Onu da qeyd edim ki, təməl təhsil mətbəxində soyuducular, elektrikli mətbəx alətləri, çörək və tort istehsalında istifadə edilən dəzgah və sobalar tələbələrin istifadəsinə verilib».
   Rəhbərlik etdiyi institutda türk və dünya mətbəxinin yer aldığı zəngin kitabxananın da olduğunu deyən F.Samancı bildirdi ki, buraya nəzəri dərslərin böyük bir hissəsinin tədris edildiyi kitab fondu, müəllim-tələbə heyətinin, hətta qonaqların belə istifadə etdiyi mətbəxlə bağlı dərsliklər, film - video layihə sistemi, internet əlaqəsi, türk və dünya mətbəxləri ilə bağlı nəşrlər daxildir.
   2008-ci ildən fəaliyyət göstərən İstanbul Kulinariya İnstitutu qısa zamanda əhəmiyyətli və məqsədyönlü işi ilə türk mətbəxini dərindən təbliğ edən və peşəkar təhsil verən qabaqcıl bir təşkilata çevrilib. Müsahibimizin sözlərinə görə, Nyu-Yorkdakı Kulinariya İnstitutunun hazırladığı peşə sertifikat proqramlarının (“Chefschoolun”) İstanbul Kulinariya İnstitutunun ilk məzunlarına verilməsi onları çox qürurlandırıb: «Yemək mədəniyyətimizi araşdırmaq, inkişaf etdirmək, ölkəmizdə və dünyada ən yaxşı şəkildə tanıtmaq istiqaməti üzrə savadlı tələbələr hazırlayırıq. Əminik ki, onlar bu sektorda əldə edəcəkləri təcrübələri bizlərlə həmişə paylaşacaqlar. Biz də onlara lazımi köməkliyi edəcəyik».
   Söhbətin sonunda F.Samancı maraqlı bir xəbəri də diqqətimizə çatdıraraq bildirdi ki, bu il İstanbul Kulinariya İnstitutunu bir azərbaycanlı tələbə bitirib və hazırda o, Türkiyədə çalışır: «İstərdim Azərbaycanla bu sahədə əlaqələrimiz daha geniş olsun. Əminəm ki, gələcəkdə universitetimizdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı daha da artacaq. Lisey məzunu olan və mətbəxə marağı olan hər bir gənc bizim institutun tələbəsi ola bilər».

   Fəxriyyə Abdullayeva