Noyabrın 11-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda “Qazax və Ağstafa rayonlarında turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib. 
   
   20-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Qazax və Ağstafa rayonlarında turizmin inkişaf perspektivləri, özəl turizm şirkətlərinin yaradılması məsələləri müzakirə edilib, turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.
   Tədbirdə iştirakçılara turistlərin qarşılanması, yerləşdirilməsi, qidalanması, turizm marşrutları üzrə gəzinti, əyləncə və digər xidmətlərin müasir tələblərə uyğun təşkili barədə ətraflı məlumat verilib, həmçinin bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.
   Noyabrın 12-də isə Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün “Biznesdə risklərin idarə olunması” mövzusunda təlim keçirilib. 22-yə yaxın sahibkarın iştirak etdiyi təlimdə iştirakçılara risklərin mahiyyəti və məzmunu, risklərin idarə edilməsi sistemi, biznesdə risklərin azaldılması yolları və biznesin sığortalanması barədə ətraflı məlumatlar verilib, onlara metodiki vəsaitlər paylanıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

 Fəxriyyə Abdullayeva