Ukrayna istifadəsi tamamilə dayandırılmış Çernobıl Atom Elektrik Stansiyasını (AES) turizm mərkəzinə çevirmək niyyətindədir. Məlumatlara görə, Ukrayna hökuməti fəlakət zonasının turistlərin ziyarətinə açılması üçün ciddi hazırlıqlar aparır. Proqrama əsasən yanvardan etibarən bura ekskursiyalar təşkil edilməlidir. Hökumət bu addımla həmçinin bəşəriyyətin diqqətini atom faciəsinə cəlb etmək niyyətindədir.
   Qadağalar çox olduğu üçün bu zonaya turistlərin marağı az idi. Radioaktiv fon aşağı düşdükcə insanların əraziyə marağı da artır. Əvvəllər turistlərə AES-in qalıqlarına 30 km-dən çox yaxınlaşmağa, foto və video çəkiliş aparmağa icazə verilmirdisə, indi hökumət bu şərtləri maksimal dərəcədə yumşaltmağa qərar verib
   Xatırladaq ki, 1986-cı ildə aprelin 25-dən 26-na keçən gecə Çernobılda tarixin ən böyük texnogen qəzalarından biri baş verib. BMT-nin hesablamalarına görə, Çernobıl qəzasından birbaşa və dolayı yolla əziyyət çəkənlərin sayı 9 milyondan artıqdır. O vaxt xilasetmə işlərində iştirak etmiş xeyli sayda azərbaycanlı da zərərli şüalanmaya məruz qalaraq xəstəliyə tutulub. 
   
   Fəxriyyə Abdullayeva