Qəbələ rayonuna səfər edən yerli və xarici turistlərin sayı ildən-ilə artmaqdadır. Rayon mədəniyyət və turizm şöbəsindən verilən xəbərə görə, 2010-cu ildə Qəbələyə 30 min 450 turist səfər edib. 
   
   Onlardan 26 min 124-ü yerli, 4 min 326 nəfəri isə xarici vətəndaşdır. Qonaqların 26 min 850-si müxtəlif turizm obyektlərində istirahət edib, 3 min 368-i işgüzar səfərdə olub, 232-si isə sanatoriyada müalicə olunub.
   Ötən il Qəbələnin 10-dan artıq yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olmuşdur. Məlumata görə, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə isə 29 min 855 turist səfər edib.
   Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Qəbələdə müasir standartlara cavab verən turizm obyektlərinin sayı ötən 6 ildə 15-ə çatıb. Həmin turizm mərkəzlərində yüksək səviyyədə restoran və hotel xidmətlərinin, eləcə də meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, görməli yerlərə və tarixi abidələrə səyahət və s. xidmətlərin göstərilməsi üçün geniş imkanlar yaradılıb. Hazırda rayonda daha 3 belə obyektin inşası davam etdirilir.

  Fəxriyyə Abdullayeva