Yanvar ayında Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi bir neçə beynəlxalq turizm sərgisində təmsil edəcək. Nazirliyin Turizm şöbəsinin Marketinq və təbliğat sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyevanın qəzetimizə verdiyi məlumata görə, bu sərgilərdən ikisində ölkəmiz ilk dəfə iştirak edəcək. 
   
   2011-ci ildə iştirak edəcəyimiz ilk sərgi 13-16 yanvar tarixində Vyanada baş tutacaq. «Ferien-Messe Wien 2011» sərgisində Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 24 kvadratlıq lövhə icarəyə götürülüb. Sərgidə Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun əməkdaşı Adil Adilov və Analitik təhlil və proqramlar təminatı sektorunun aparıcı məsləhətçisi Türkan İsmayılova ilə yanaşı, «Geo travel» turizm şirkətinin nümayəndəsi də iştirak edəcək.
   Qeyd edək ki, «Ferien-Messe Wien» sərgisində Azərbaycan artıq 5-ci dəfədir təmsil olunur.
   
   * * *
   Ölkəmizin ay ərzində iştirak edəcəyi digər beynəlxalq turizm sərgisi yanvarın 15-dən 23-dək Almaniyanın Ştutqart şəhərində keçiriləcək «CMT-2011»-dir. Burada ölkəmizin turizm imkanları ziyarətçilərə 35 kvadratlıq lövhədə təqdim olunacaq. Azərbaycanın ilk dəfə təmsil olunduğu sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun əməkdaşları Vüqar Şıxəmmədov və Cəmil Kəlbəliyev iştirak edəcəklər.
   
   * * *
   Yanvarda daha bir sərgi Finlandiyanın Helsinki şəhərində keçiriləcək. Ölkəmiz bu sərgidə də ilk dəfə təmsil olunacaq. 20-23 yanvar tarixində baş tutacaq «MATKA-2011» sərgisində Azərbaycanın turizm potensialı ziyarətçilərə 24 kvadratlıq lövhədə təqdim olunacaq. Bu sərgidə isə Mədəniyyət və Turizm Nazirliyini marketinq və təbliğat sektorunun müdiri Səbinə Kərimova və həmin sektorun əməkdaşı Cəlil Məlikov, «Xəzər travel», «Geo travel və «RAN travel» turizm şirkətlərinin əməkdaşları təmsil edəcək.
   Qeyd edək k, hər üç sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün ingilis və alman dillərində reklam-çap məhsulları, disklər, ölkəmizin istirahət mərkəzləri və təbiətini əks etdirən bukletlər ziyarətçilərə paylanacaq.

Fəxriyyə