Turizmin sürətli inkişafı xarici sərmayədarların hotel inşaatına marağını artırıb 
   
   Son illər Azərbaycanda turizmin sürətlə inkişaf etməsi bu sahəyə xarici sərmayədarların marağını da artırıb. Bu baxımdan ölkəmizdə beynəlxalq mehmanxana şəbəkəsinə daxil olan hotellərin sayının artmasını xüsusi qeyd etmək gərəkdir. Hazırda Bakıda 4 beynəlxalq şəbəkə hotelinin tikintisi davam edir. Bunlar «Hilton», «Marriott», «Fairmont» və «Four Seasons» hotelləridir. Onların bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Bəs beynəlxalq mehmanxana şəbəkəsi nədir və hansı fəaliyyət xüsusiyyətlərinə malikdir?
   
   
   Mehmanxana şəbəkələrinin böyük hissəsi ABŞ-a məxsusdur
   
   Mövzu ətrafında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri, hotel üzrə mütəxəssis Müzəffər Ağakərimovla söhbətləşdik. O, beynəlxalq mehmanxana şəbəkələri konsepsiyasının ötən əsrin 50-ci illərində Amerikada yarandığını vurğuladı: «Bu sahədə fəaliyyət göstərən şirkətlər ölkə xaricinə çıxmadan inkişaf edə bilməzdi. Hotel biznesi ilə məşğul olan şirkətlər öz məhsulunu və xidmətini daxili və xarici bazara çıxarmaq üçün nüfuzlu ticarət nişanlarından, yəni brendlərdən marketinq aləti kimi istifadə edirdi. Avropada hotel biznesində mövcud ənənəyə görə, hotelin sahibi həm də onu idarə edirdi. Amerikada yaranan françayzinq (fransızca güzəşt, imtiyaz deməkdir) sisteminə görə bu funksiyalar ayrılıqda həyata keçirilir. Françayzinq iri və kiçik müstəqil müəssisələrin müqavilə sistemidir. İdarəetmənin əsas xüsusiyyəti ondadır ki, hər hansı bir mehmanxana müqavilə əsasında məşhur, nüfuzlu mehmanxana nişanı altında fəaliyyət göstərir».
   Həmsöhbətimiz deyir ki, 70-ci illərdə böyük sərnişin tutumlu sürətli təyyarələrin istehsalı turizmin inkişafına təkan verdi və bu, beynəlxalq mehmanxana şəbəkələrinin genişlənməsini də sürətləndirirdi: «Mehmanxana şəbəkələrinin yaranması isə dünya bazarına yüksək səviyyəli, beynəlxalq standartlara uyğun, mehmana xidmətlərinin və məhsulunun çıxarılmasına şərait yaradır. Turist xarici ölkədə ona tanış olan şirkətin nişanı olan mehmanxanada özünü rahat, məmnun hiss edir».
   Mehmanxana şəbəkələri iki və daha çox mehmanxana qruplarından ibarət olmaqla, kollektiv biznesi həyata keçirir və vahid rəhbərliyin nəzarəti altında fəaliyyət göstərir: «Beynəlxalq mehmanxana şəbəkələrinin böyük hissəsi ABŞ-a məxsusdur. Beynəlxalq şəbəkəyə daxil olan mehmanxanaların nüfuzu müxtəlif meyarlarla ölçülür. Bu gün Böyük Britaniyanın «İnter Continental Hotels Group» və ABŞ-ın «Cedant Corporation» kimi iri şirkətləri mehmanxana şəbəkələrini idarə edir».
   
   Ölkəmizdə ilk şəbəkə hoteli «Hyatt Regency-Naxçıvan»dır
   
   Bakıda beynəlxalq mehmanxana şəbəkə sistemi 90-cı illərin ortalarında fəaliyyətə başlayıb. Bu sırada ilk hotel - «Hyatt» şirkətinə məxsus olan «Hyatt Regency-Naxçıvan» 1995-ci ilin mayında açılıb. 1999-cu ildə isə həmin şirkətə məxsus olan «Hyatt Park» hoteli inşa olunub: «Amerikada 1954-cü ildə istifadəyə verilən ilk «Hyatt» hoteli kaliforniyalı Hyatt Von Dehnə məxsus olub. Sonra Cey Pritsker (Jay Pritzker) adlı iş adamı onunla razılaşaraq hoteli və onun brendini alıb. Beləliklə, 1957-ci ilin 27 sentyabrında ilk «Hyatt» mehmanxanası açılıb və «Hyatt Poteks» şirkətinin əsası qoyulub. 1969-cu ildə Honkonqda «Hyatt Regency» hotelinin açılışı ilə «Hyatt» beynəlxalq şirkət kimi fəaliyyətə başlayıb. Hazırda «Hyatt» şirkətinin mənzil-qərargahı ABŞ-ın Çikaqo şəhərində yerləşir. Bu hotel müxtəlif ölkələrdə müxtəlif brendlər («Hyatt Regencu», «Park Hyatt Hotels», «Hyatt Rizors») altında fəaliyyət göstərir. Bu hotellər öz xüsusi xidmət üslubu ilə fərqlənir. «Hyatt» hotellərinin müvəffəqiyyət qazanmasının önəmli şərtlərindən biri də şirkətin yeni konsepsiyalarının işlənib hazırlanmasıdır».
   M.Ağakərimov bildirdi ki, “Hyatt” hotellərindən sonra Bakıda «Rezidor Hotels Group» şirkətinə məxsus «Radisson Blu» (1998), bir neçə il əvvəl təmir-bərpa işlərindən sonra «Park İnn» hotelləri fəaliyyətə başlayıb. Bundan başqa, beynəlxalq mehmanxana şəbəkəsinə daxil olan «Ramada», Gəncə şəhərində fəaliyyət göstərən «Ramada Plaza», «Days İnn» kimi hotellər də ölkəmizdə fəaliyyət göstərir: ““Redisson” adı ilə fəaliyyət göstərən «Rezidor» hotel qrupu dünyada sürətlə inkişaf edən mehmanxana şirkətlərindən biridir. Bu qrupun idarə etdiyi və dünyanın 60-dan çox ölkəsində yerləşən mehmanxanaların sayı 440-a yaxındır. 2015-ci il üçün şirkət mehmanxanaların sayını 700-ə çatdırmağı planlaşdırır. «Redisson» adlı hotel ilk dəfə 1909-cu ildə ABŞ-da inşa olunub. Mehmanxana fransız tədqiqatçısı Pyer Espirta Redissonun şərəfinə belə adlandırılıb. 1938-ci ildə iş adamı Kurt Karlson Minneapolis şəhərində şirkətin əsasını qoyub. 1960-cı ildə həmin şəhərdə yerləşən «Redisson» mehmanxanasının payının 50 faizini alıb. İki ildən sonra isə hotelin tam sahibi olub. Hazırda «Redisson» adı ilə ABŞ-da və dünyanın bir çox ölkələrində hotellər fəaliyyət göstərir. «Ramada»nın isə ilk hoteli 60 nömrədən ibarət olmaqla, ABŞ-ın Arizona ştatında 1954-cü ildə fəaliyyətə başlayıb. “Ramada” ispanca «ağacın budağı» deməkdir».
   
   Hotel biznesində yerli kadrlar
   
   Həmsöhbətimiz ölkəmizdə beynəlxalq şəbəkə hotellərinin fəaliyyətinin əhəmiyyətinə də toxundu. Onun sözlərinə görə, «Hyatt Regency Naxçıvan» hoteli digər hotellər üçün kadr mənbəyi olub. Hazırda hotellərin əksəriyyətində çalışan personalın çoxu məhz bu hoteldə işləyib təcrübə toplayıb: «Gəncədə fəaliyyət göstərən «Ramada Plaza» hoteli hələlik beynəlxalq şəbəkə sisteminə daxil olan yeganə hoteldir. Arzu olunandır ki, digər regionlarımızda da beynəlxalq şəbəkə sisteminə daxil olan hotellər fəaliyyət göstərsin. Bu, həmin regionlarda turizmin inkişafına kömək edər, həmçinin yüksək səviyyəli hotel personalının hazırlanması üçün şərait yaratmış olardı. Bu hotellərdə çalışan personal üçün beynəlxalq xidmət standartlarına uyğun təlim-tədris keçirilir. Bəzi işçilər xarici ölkələrdə şəbəkəyə məxsus hotellərdə təcrübə keçirlər və bu, onların bir mütəxəssis kimi yetişməsində mühüm rol oynayır. Hotelçilik üzrə müxtəlif ixtisaslara yiyələnən milli kadrlarımız dünyanın müxtəlif ölkələrində hotel biznesi ilə məşğul olmaq imkanı əldə edir, bu sahədə bilik və bacarıqlarını təkmilləşdirirlər”.

   Fəxriyyə Abdullayeva