Martın 14-də Moskvada MDB ölkələrinin Turizm Şurasının iclası keçirilib.
   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun qəzetimizə verdiyi məlumata görə, tədbirdə 10-a yaxın məsələ, o cümlədən MDB-nin 20 illiyinə həsr edilmiş Tədbirlər Planı müzakirə edilib, həmçinin Turizm Şurası haqqında Əsasnamə layihəsinin razılaşdırılması barədə məlumat verilib.
   Şura üzvləri 2012-2013-cü illərdə MDB ölkələrində Gənclərin Beynəlxalq Əməkdaşlığı Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi barədə təklifləri də müzakirə ediblər: «Bu təkliflər «MDB iştirakçısı olan dövlətlərin milli muzey inciləri şəhərlərimizin küçələrində» adlı sərgi layihəsinin genişləndirilməsinə, gənclər arasında mədəni-öyrədici turizmin inkişafına istiqamətlənib».
   İclasda birlik ölkələrinin müvafiq profilli KİV-lərinin nümayəndələri üçün Azərbaycanın regionlarına mətbuat turunun təşkil edilməsi də müzakirə edilib.
   Şuranın iclasından sonra martın 15-də MDB məkanında mədəni turizmin inkişafı məsələlərində əməkdaşlığa həsr edilmiş beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov iştirak edib.
   Konfransda AZTA prezidenti MDB ölkələrinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib, bəzi müqavilələr imzalayıb. AZTA-nın MDB ölkələrinə bəzi təklifləri diqqətə çatdırılıb. Bu təkliflər əsasən Naftalan nefti, Qaşaltı və ölkəmizin digər müalicəvi turizm məkanları haqqındadır.
   Konfransda turizm və muzey məsələləri, yeni marşrutların təşkili və xəritələrin yaradılması, turizm sahəsində hüquqi bazanın möhkəmləndirilməsi və s. məsələlər də müzakirə olunub.
   Xatırladaq ki, 2011-ci il MDB məkanında “Tarixi-Mədəni İrs İli” elan edilib. Bu, turizm sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açır.
   

   Fəxriyyə Abdullayeva