Novruz bayramı ərəfəsində Bakıda Azərbaycan ərazisində yerləşən mədəniyyət və turizm obyektlərinin elektron xəritəsinin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasovun verdiyi məlumata görə, elektron naviqasiya xəritəsi artıq hazırdır və zəruri məlumatlarla təchiz edilir. Onun sözlərinə görə, xəritədə Azərbaycan ərazisində yerləşən və turistləri maraqlandıra bilən bütün obyektlər haqqında məlumat var.
   Bundan başqa, xəritədə obyektlərin yerləşmə koordinatları göstərilir: “Burada turist tarixi və mədəni abidələrin, muzeylərin, turizm obyektlərinin, restoranların, istirahət zonalarının, mağaza, otel və digər obyektlərin dəqiq koordinatlarını tapa bilər”. Elektron naviqasiya xəritəsi hazırlanarkən 3D elementlərindən istifadə olunub. Xəritədən avtomobil naviqatoru vasitəsilə də istifadə etmək mümkündür. İnternetdə xəritə www.guidemap.az saytında Azərbaycan, rus və ingilis dillərində yerləşdirilib.
   Gələcəkdə bu portal vasitəsilə teatrlara, konsertlərə bilet sifariş etmək, otellərdə və turizm obyektlərində qabaqcadan nömrə ayırmaq mümkün olacaq.
   
   C.Zərbəliyev