Elektron viza sistemi tətbiq ediləcək
   
   Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması ilə bağlı miqrasiya proseslərinin idarə olunmasında görüləcək tədbirlər barədə mətbuata açıqlama verib. Onun sözlərinə görə, turizmin inkişaf etdirilməsi, turistlərə vizaların verilməsi qaydalarının sadələşdirilməsi məqsədilə qanun layihəsi hazırlanaraq, Milli Məclisə təqdim edilib. Qanun layihəsinə əsasən, bundan sonra turistlərin turizm şirkətləri vasitəsilə viza alması asanlaşacaq.
   Turizm şirkətləri respublikamıza gəlmək istəyən turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) Azərbaycanın sözügedən ölkədəki (yaxud qonşu ölkədəki) səfirlik və konsulluqlarına müraciət edə biləcəklər. Vizalar elektron formada tərtib ediləcək və sorğu edən turizm şirkətinin elektron poçt ünvanına göndəriləcək. Elektron viza sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunacaq.
   F.Ələsgərov bildirib ki, qanun layihəsində səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiq edən sənədlər müəyyən edilib. Bunlar - turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiq edən sənədlərdir.
   Qeyd edək ki, yeni qanun layihəsində turistlərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmur.
   
   Fəxriyyə