“Ölkənizin Fransada layiqli təqdimatı üçün əlimizdən gələni edəcəyik”
   
   Fransanın «Mondeos» nəşriyyatının elan etdiyi müsabiqənin qalibləri səfər təəssüratlarını bizimlə bölüşdülər
   
   Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın mədəniyyətinin və turizm potensialının beynəlxalq auditoriyaya çatdırılması məqsədilə «Azərbaycanı kəşf edək» adlı layihə həyata keçirilir. 
      
   Layihə çərçivəsində bir neçə ölkənin nüfuzlu nəşrlərinin adı (brendi) ilə ölkəmiz haqqında bələdçi kataloqları hazırlanaraq həmin ölkələrin ictimaiyyətinə təqdim edilib. Bunlar Rusiyanın «Vokruq sveta», Birləşmiş Krallığın «Filmer Limited», Fransanın «Mondeos» nəşriyyatlarıdır. Birləşmiş Ərəb Əmirliklərinin «Explorer» nəşriyyatı ilə kataloqun hazırlanması işi davam edir.
   «Mondeos» nəşriyyatı Azərbaycan haqqında nəşr edilmiş kataloqla bağlı Fransa şirkətləri arasında internet müsabiqə elan edib. Müsabiqənin qalibləri «Havas Voyage» səyahət agentliyinin rəhbəri Marie Jose Rovere və «Absolu Voyages» turizm şirkətinin nümayəndəsi Virginie Reymond Novruz tətili günlərində ölkəmizdə olublar. «Millennium Tourism & Congress»in təşkilatçılığı ilə baş tutan səfər Şamaxı, İsmayıllı, Quba rayonlarını və Bakı şəhərini əhatə edib. Səfərin sonuncu günü qonaqlarla görüşüb Azərbaycan haqqında təəssüratlarını öyrəndik. Söhbətimiz qonaqları müşayiət edən təcrübəli bələdçi, Qobustan Tarix-Bədii Qoruğunun elmi işçisi Süleyman Süleymanovun köməyi ilə «Millennium» şirkətinin ofisində baş tutdu.
   - Hansı regionlarda oldunuz və orada sizi daha çox nə cəlb etdi?
   Virginie Reymond:
   - Səfər marşrutu boyunca bizi valeh edən çox şeylərlə rastlaşdıq. Ayağımızı qoyduğumuz hər addımda kiçik bir daşın belə tarixi var. Qobustanda palçıq vulkanını, qayaüstü rəsmləri gördük. Hesab edirəm ki, Tanrı sizə turizmdən yararlanmaq üçün lazım olan bütün imkanları verib. Təsəvvür edin, eyni rayonda bir tərəfdə neçə min illik tarixi olan qədim abidələr, digər tərəfdə isə min bir dərdin dərmanı olan təbii müalicəvi əhəmiyyətli palçıq vulkanları. Yəqin ki, Fransada turizmçilər bizim bu təqdimatdan çox heyrətlənəcəklər.
   Marie Jose Rovere:
   - Mən təsəvvür etməzdim ki, Bakı bu dərəcədə ecazkar şəhərdir. Bələdçi bizə paytaxt haqqında məlumat verdi ki, Bakı iki hissədən ibarətdir: İçərişəhər və bayır şəhər. Bayır şəhər sonradan, xüsusilə neft sənayesinin inkişafı sayəsində yaranıb. Hər şeyi öz gözlərimizlə görməyimiz isə bizi daha da valeh etdi. Qafqazda belə bir müasir və eyni zamanda qədim tarixə malik abidələrlə zəngin şəhərin mövcud olması, açığını deyim ki, bizi çox təəccübləndirdi.
   - Ölkənizə Azərbaycan haqqında hansı məlumatları aparırsınız?
   Virginie Reymond:
   - Bakı şəhəri, İçərişəhər haqqında ətraflı məlumat əldə etdik. Öyrəndik ki, dünya ticarət yolları zaman-zaman məhz sizin ölkənizdən keçib ki, bu da Azərbaycanda böyük maddi və mənəvi izlər qoyub. “Qala” Tarix-Etnoqrafiya Qoruğunda olduq, orta əsr abidələri olan Mərdəkan və Ramana qalaları ilə tanış olduq, Atəşgahı gəzdik. Təbiətin bir möcüzəsi olan Yanardağda olduq.
   Marie Jose Rovere:
   - Məni daha çox ölkənizdə dini abidələrə olan sayğı heyran etdi. Dini baxımdan ölkənizdə böyük bir tolerantlığın şahidi olduq. Bələdçinin uzaq məsafədən həm məscidin, həm kilsənin, həm də sinaqoqun günbəzini bizə göstərməsi xüsusilə nəzərimizi cəlb etdi. Bizi müşayiət edən bələdçi tarixçi olduğuna görə Avropa tarixi ilə Şərq tarixini sintez edib bizə başa saldı. Azərbaycana səfərimizdən sonra bu region haqqında bizdə olduqca müsbət fikirlər yaranıb. Xüsusilə Avropa üslubunda tikilən tarixi abidələr haqqında məlumatlar bizə maraqlı təsir bağışladı. Qubaya gedərkən yolun üzərində yerləşən Beşbarmaq dağı, Şabran qalasının qalıqları ilə tanış olduq. Qubadakı soyqırımı məzarlığına baş çəkdik. Tarix boyu xalqınızın başına gələn müsibətlərin izlərini öz gözlərimizlə gördük. Şamaxıda Yeddi günbəz, Cümə məscidi diqqətimizi çəkdi. Daha çox isə İsmayıllı rayonunun Lahıc qəsəbəsi xoşumuza gəldi. Burada biz yerli sənətkarlarla tanış olduq. Lahıcda metal üzərində olan döymələr bizi valeh etdi. Təbiəti də çox gözəldir. Lahıclı bir ailənin qonağı olduq. Orada bizə paxlava, şəkərbura verdilər. Olduqca zəngin mətbəxiniz var. Maraqlıdır ki, Bakının və gəzdiyimiz hər bir regionun özünəməxsus şirniyyatları və mətbəxi mövcuddur. Düyüdən hazırlanmış bir neçə plov nümunəsi ilə tanış olduq. Qubada xalça sexinə də getdik. Qızların xalça toxuması prosesini öz gözümüzlə izlədik, özümüz də həmin prosesdə iştirak etdik.
   - Turizm şirkəti və səyahət agentliyi olaraq, Azərbaycanla bağlı əldə etdiyiniz məlumatlardan necə yararlanacaqsınız?
   Virginie Reymond:
   - Bundan sonra da Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə, xüsusilə «Millennium»la əməkdaşlığımızı davam etdirəcəyik. Ölkənizin Fransada layiqli təqdimatı üçün əlimizdən gələni edəcəyik. Təəssüratlarımızı yaxınlarımızla, iş yoldaşlarımızla, dostlarımızla bölüşəcəyik. Eyni zamanda bir turizm təşkilatı olaraq, vətəndaşlarımızın Azərbaycana gəlməsi üçün müxtəlif turların təşkil edilməsinə çalışacağıq.
   Marie Jose Rovere:
   - Qərblə Şərqin mərkəzində yerləşən, dünyada balaca da olsa, böyük ürəyi olan Azərbaycan haqqında məlumatları yaymaq bizim özümüz üçün də maraqlıdır.
   - Azərbaycandan hansı təəssüratlarla qayıdırsınız?
   Virginie Reymond:
   - «Mondeos»un Azərbaycanın tanıtımı ilə bağlı elan etdiyi müsabiqə haqqında məlumat aldıqda çox böyük həvəslə bu yarışmaya qatıldıq. Etiraf edim ki, buraya gələnə qədər Azərbaycan haqqında elə də geniş bilgilərə malik deyildim. Amma indi olduqca zəngin təəssüratlarla qayıdıram. İnsanlarınızın mehribanlığı, qonaqpərvərliyi məni valeh etdi.
   Marie Jose Rovere:
   - Mənim rəhbərlik etdiyim şirkət Fransa daxilində müxtəlif turlar təşkil edir. Mən həmişə axtarışda olmağı, tanımadığım ölkələr haqqında məlumat toplamağı çox sevirəm. «Mondeos» nəşriyyatı tərəfindən elan edilən müsabiqədə iştirak edəndə qalib olacağım heç ağlıma belə gəlməzdi. İndi isə Azərbaycana gəldiyimə, bu ölkə ilə belə yaxından tanış olduğuma görə çox şadam. 
   
  Fəxriyyə Abdullayeva