Milli Məclisdə sosial turizmin perspektivləri müzakirə olunub
      
   Xəbər verdiyimiz kimi, Azərbaycan Turizm İnstitutunun dəvəti ilə Almaniyanın Yade Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin məqsədi Turizm İnstitutunun Almaniya universiteti ilə ölkəmizin qərb bölgəsində həyata keçirdiyi «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi və regional turizmin inkişafı» layihəsinin və qarşılıqlı tələbə mübadiləsi məsələsinin müzakirəsidir.
   
   Aprelin 6-da alman qonaqlar Milli Məclisin Sosial siyasət komitəsinin və Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Əhalinin sosial müdafiəsi sahəsində turizmin yeri və rolu” adlı müzakirələrdə iştirak ediblər. Tədbirdə Azərbaycanın sosial-iqtisadi inkişafı barədə məlumat verən parlament komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı üçün geniş imkanlar var: «2011-ci il Azərbaycan Prezidenti tərəfindən «Turizm ili» elan edilib. Bütün əlaqədar dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları bu sahənin inkişafı ilə bağlı rəy və təkliflərini verir, layihələr hazırlayırlar. Almaniyadan gəlmiş ekspertlərlə də turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək, bu ölkənin təcrübəsini öyrənmək əhəmiyyətlidir”.
   Sonra ATİ-nin rektoru Cəfər Cəfərov Almaniyanın Yade Universiteti ilə əməkdaşlıq, qarşılıqlı səfərlər və tələbə mübadiləsi, hazırlanan birgə layihələr barədə ətraflı məlumat verib. 

Fəxriyyə
   Milli Məclisin deputatı Sevinc Hüseynova təmsil etdiyi Gədəbəy rayonunun turizm imkanlarından, nəzərdə tutulmuş layihələrdən danışıb.
   Tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən xəritə və slaydlar nümayiş etdirilib. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, turizmin inkişafı ilə bağlı təkliflər səslənib, təcrübə mübadiləsinin və birgə layihələrin əhəmiyyətindən bəhs olunub.