Londonda ölkəmiz haqqında bələdçi kitabçası təqdim olunub
   
   Azərbaycanın Londondakı səfirliyində “Kuperard” nəşriyyatı tərəfindən çapdan buraxılmış “Culture Smart Azerbaijan” bələdçi kitabçasının təqdimat mərasimi keçirilib. Səfirlikdən bildiriblər ki, tədbirdə Londonda akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, “Kuperard” nəşriyyatının əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.
   Səfir Fəxrəddin Qurbanov kitabçanın ölkəmizə səfər edəcək şəxslər üçün faydalı mənbə olacağını qeyd edərək, onun hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib. Səfir bu il Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin qeyd olunduğunu, həmçinin ölkəmizdə “Turizm ili” elan edildiyini, bu baxımdan nəşrin hər iki əlamətdar hadisəyə layiqli töhfə olduğunu vurğulayıb.
   Azərbaycanın zəngin turizm potensialından söz açan diplomat bu sahənin prioritet istiqamət olduğunu qeyd edib. O, bu il ərzində turizm infrastrukturunun inkişafı ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdıraraq belə nəşrlərin ölkəmizin tanıdılması və təbliği işinə kömək edəcəyinə inandığını deyib.
   “Kuperard” nəşriyyatının nümayəndəsi, kitabçanın redaktoru Ceffri Çesler Azərbaycanla bağlı yeni nəşrin Britaniya ictimaiyyətinin marağına səbəb olacağını qeyd edib.
   C.Çesler müsəlman Şərqində ilk demokratik respublikanın, opera və baletin məhz Azərbaycanda yaradıldığını və ölkəmizin sürətlə inkişaf edərək beynəlxalq səviyyədə öz nüfuzunu artırdığını diqqətə çatdırıb. 
İştirakçılara “Culture Smart Azerbaijan” kitabçaları paylanıb və tədbir ziyafətlə davam etdirilib.

 Fəxriyyə Abdullayeva